TQDK-nın sabiq sədri:“İmtahanlarda test sualları düzgün tərtib olunmayıb”

0
5
“İmtahanlarda 700 bal toplayanların sayının ildən ilə çoxalmasının səbəbi heç də təhsilimizin səviyyəsinin yüksəlməsi ilə bağlı deyil. Hesab edirəm ki, test sualları düzgün tərtib olunmayıb. Sualların testologiya elminin tələblərinə uyğun hazırlanmadığının göstəricisidir”.

Bu sözləri Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının eks- sədri Vurğun Əyyub “şərq.az”a müsahibəsində deyib.

V. Əyyubun sözlərinə görə, 700 bal toplamaq nəzəri cəhətdən mümkündür: “İmtahan verənlərin içərisində tək-tük bu balı toplayan ola bilər. Amma ümumən, bu sayın çoxalması hansısa doğru olmayan məqamlardan xəbər verir. Həm də sırf təbliğati məqsədlərə xidmət edir”.

V. Əyyub dərslik problem ilə də bağlı münasibətini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətli dərslik yaza biləcək mütəxəssis azdır. Üstəlik də o az saylı mütəxəssisləri müxtəlif üsullarla dərslik yazmaqdan kənarda saxlayırlar: “Alternativ dərsliklər hazırlanmasına və müəllimlərin, şagirdlərin sərbəst seçiminə şərait yaratmaq lazımdır. Bilmək lazımdır ki, dərslik müəllim üçün yazılmır, dərslik şagird üçün yazılır. Müəllimlərimizin çoxu isə dərsliklərdə yazılanları şagirdlərə əzbərlətməklə işlərini bitmiş hesab edirlər. Səbəb? Səbəblər isə çoxdur: müəllimlərin maaşının azlığı, ümumi pedaqoji-nəzəri səviyyələrinin aşağı olması, gündəlik məişət ehtiyaclarını ödəmək üçün əlavə işlərlə yükləndiklərindən öz üzərlərində işləmək üçün vaxt çatışmamazlığı və sairə”.

İbtidai məktəblər üçün dərsliklərdə mövzuların ağırlığına və çətinliyi barədə narazılığa  toxunan V. Əyyub qeyd edib ki, bunun bir səbəbi də dərs proqramlarının ağırlığıdır. Bu ağırlığı da meydana gətirən ən ciddi və əsas səbəb isə orta təhsilin funksiyasına baxışın yanlış olmasıdır: “25 ildə dediyim fikri bir daha təkrarlamaq istəyirəm: Nə qədər ki, sovet təhsil sistemindən əl çəkməmişik, təhsilə sovet ideologiyası prinsipləri ilə yanaşacayıqsa, problemlər davam edəcək. Yəni biz orta məktəb təhsilinə baxışı dəyişdirməliyik. Birdəfəlik bilmək lazımdır ki, orta təhsilin məqsədi şagirdin başını nəzəri biliklərlə doldurmaq (indi heç bunu da edə bilmirik), ali məktəbə tələbə hazırlamaq olmamalıdır”. Ekspertin sözlərinə görə, məqsəd həyata hazırlıqlı, ən sadə problemlərinin həllində gənclərə yardım ola biləcək praktiki biliklərə sahib, ləyaqətli vətəndaş yetişdirmək olmalıdır: “Daha çoxlu nəzəri bilikləri əzbərləyən, amma həyata atılarkən, problemlə qarşılaşarkən hətta 25 yaşında belə valideyn himayəsindən imdad diləyən əfəl, aciz insanlar yox. Əgər ildə 130 min məzunumuz varsa, Azərbaycan ali məktəbləri vur-tut 30-35 min tələbə qəbul etmək imkanındadır. Orta təhsili həmin 30-35 minə görə qurmaq olmaz. Orta təhsili düz qura bilsək, həmin 30-35 min tələbə onsuz da ortaya çıxacaq. Bunlar olmayacaqsa, biz hər il şikayətlənəcəyik və hər dəfə də eyni dərsliklər qarşımıza çıxacaq”.