Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
B.Xəlilov bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədlər seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır.
“Dövlət qulluğu haqqında” qanuna bir sıra dəyişikliklər edildiyindən müsabiqənin keçirilməsində, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub: “Bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Ona görə də gözləyirik ki, bütün normativ-hüquqi aktlar qəbul olunsun”.
B.Xəlilov deyib ki, qanunvericiliyə uyğun olaraq, bütün dövlət orqanları vakant vəzifələri DİM-ə təqdim edirlər və onlar DİM tərəfindən emal edirilir: “Biz müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki vakant vəzifəni elan etmək kifayət deyil. Bütün vakant vəzifələrinin tutulması şərtləri göstərilməlidir. Namizədlərin xüsusi bilik və bacarıqlarına dair tələblər göstərilməlidir. Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar da seçim aparanda dəqiq özləri üçün tam aydın şəkildə görsünlər ki, nə işlə məşğul olacaqlar və həmin vakant vəzifələnin tutulmasına hansı tələblər qoyulur”.
B.Xəlilov deyib ki, dövlət qulluğuna qəbul üçün müsahibə qaydalarında da dəyişikliklər olub: “Müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı, 3 nəfərdən ibarət idi. Dəyişiklikdə nəzərdə tutulub ki, üzvlərin sayı 5 olsun”.
B.Xəlilov əlavə edib ki, dövlət qulluğunda vakant vəzifələr kateqoriyalar üzrədir. Hazırda yeddi kateqoriya üzrə dövlət qulluğu vəzifələri var.