“Dondurun ki, əvəzini görün, layiqli cavabınızı alın” –Ərdoğandan Aİ və ATƏT-ə kəskin mesaj

0
3

Türkiyə prezidenti Ərdoğan ATƏT-in bu gün seçkiylə bağlı yaydığı tənqidi hesabatı rədd edib.

Strateq.az xəbər verir ki, bu dəqiqələrdə seçkiyə bağlı çıxış edən Ərdoğan ATƏT-ə və bəzi Avropa ölkələrinə sərt mesaj verib:

“Həddinizi bilin, biz bu hesabatı nə görərik, nə eşidərik, nə də qəbul edərik. Türkiyə Avropanın ən demokratik seçkisini keçirib. Belə hesabat və ya açıqlamalarla heç bir nəticə ala bilməzsiniz. Həddinizi bilin, həddinizi”.

Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyənin ittifaqa üzvülüyünü dondurmaqla təhdid etməsinə də sərt cavab verib:

“Baxın, 54 ildir bizi qapıda saxlayan Avropa İttifaqında bəziləri durub deyir ki, Türkiyənin üzvlüyünü donduracağıq-filan. Əfəndim, dondurun, sonra danışın. Dondurun ki, əvəzini görün. Niyə etmirsiz? Hər addımınızın cavabı layiqli olacaq. Bir az da irəli gedərlərsə, daha bir referendum keçirib, Avropaya layiqli cavabı verəcəyik…”.

Xatırladaq ki, ATƏT Türkiyədə keçirilən referendumla bağlı bu gün ilkin hesabat açıqlayıb. Hesabatda bildirib ki, Yüksək Seçik Kurulunun (YSK) möhürsüz bülletenləri keçərli sayması haqda qərarı seçkiyə “hiylə qatılması”dır və bu, seçki qanunvericiliyinə zidddir.

ATƏT, eyni zamanda seçkinin qeyri-bərabər şərtlər altında keçirildiyini vurğulayıb, hökumətin dövlət qurumlarının və digər inzibati resursların dəstəyi ilə kampaniya apardığını bildirib.

ATƏT sonda referendumun beynəlxalq standartlardan uzaq keçirilən seçki prosesi olduğunu açıqlayıb.