1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd səmasında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi ilə vurulması nəticəsində şəhid olan Alı Mustafayevin 65 yaşı tamam olub. Bu münasibətlə Binəqədi rayonunda mərhum jurnalistin barelyefinin açılış mərasimi keçirilib. Mərasim rayon icra hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Azərtac Binəqədi Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatları, rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mərhum jurnalistin qələm dostları və ailə üzvləri iştirak ediblər.
Tədbir barelyefin üzərindən örtüyün götürülməsi ilə başlanılıb. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi Teymur Bünyadov, Texniki Universitetin prorektoru, “Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri İlham Pirməmmədov, tələbə yoldaşları və dostları çıxış edərək Əməkdar Jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin keçdiyi həyat və yaradıcılıq yolunu xatırlayıblar. Mərhum jurnalistin həyat yoldaşı Lalə Mustafayeva tədbirin təşkilatçılarına təşəkkür edib və xatirələrini danışıb.
Əməkdar Artist Sabir Məmmədov, rayondakı 115 və 179 nömrəli orta məktəb şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Mərasimin sonunda rayonun ictimai-siyası həyatında fəal iştiraka görə Milli Məclisin deputatı Azay Quliyev, barelyefin müəllifi Azad Əliyev və iş icraçısı Vüsal Əyyubova fəxri fərman təqdim olunub.