Məktəblərdə təmayül sinifləri necə yaradılacaq? –Təhsil Nazirliyindən açıqlama

0
3
Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris plan və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.

2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi əvvəlki illərlə müqayisədə genişləndiriləcək, təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdiriləcək.

Təmayülləşmənin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin meyl və maraqlarına əsasən təmayül sinifləri təşkil olunacaq. Həmçinin könüllülük əsasında ümumtəhsil məktəblərinin adi siniflərində, yaxud ilk peşə və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər haqqında məlumatlar toplanaraq valideynlər arasında müvafiq izahat işləri aparılır.

Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək. Hər hansı bir məktəbdə şagirdlərin sayı və seçimi təmayül sinfi təşkil etməyə imkan vermədiyi halda, bu və ya digər təmayül istiqamətini seçmiş şagirdlər yaxın ərazidəki həmin təmayül sinfi təşkil edilmiş məktəbdə təhsilini davam etdirə biləcək. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılacaq.

İlk peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin qəbul ola bilməyən IX sinif məzunları arzu etdikləri halda, təlim göstəricilərinə əsasən, müvafiq təmayül və ya adi siniflərə qəbul olunacaqlar. Təmayül siniflərində və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcəklər.

Tam orta təhsil səviy­yəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasındır.