Əfv Komissiyasının üzvü:“Bizə 800-dən artıq müraciət daxil olub”

0
3
Əfv komissiyasına bütövlükdə 800-dən artıq müraciət daxil olub.

Milletim.info bildirir ki, bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib:

“Əfvlə bağlı müraciət qanunvericiliyin tələblərinə görə, məhkumların özləri, vəkilləri, o cümlədən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən oluna bilər. Hazırda komissiyaya 800-dən artıq müraciət daxil olub. Artıq Əfv Komissiyasının 5 iclası keçirilib və iclaslarda bu müraciətlərə baxılır. Hərtərəfli, tam sərbəst şəkildə müraciətlər araşdırılır, məlumatlar diqqətlər öyrənilir. Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə şöbəsinin əfv sektoru müvafiq rəylər alıb. Nəticədə isə çox təfsilatlı bir sənədlər komissiyanın hər bir üzvünə təqdim olunub. Hər bir müraciətə fərdi olaraq baxılarkən geniş və ətraflı müzakirələr aparılır. Bu müzakirələrin nəticəsində isə müvafiq rəyin hazırlanması ilə bağlı qərar qəbul olunur. Əlbəttə ki, son anda kimlərin əfv olunub-olunmaması ilə bağlı qərarı cənab prezident verəcək. Komissiya yalnız bu hüququn həyata keçirilməsinin təşkili üzrə müvafiq sənədlər hazırlayır. İndiyə qədər müstəqillik illərində 61 dəfə əfv sərəncamı imzalanıb və 9 mindən artıq şəxs cəzadan azad edilib. Sonuncu əfv sərəncamı isə 2016-cı ilin mart ayında olub. İstisna etmirəm ki, bu il də Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin ailəsinə qovuşması üçün əfv sərəncamı imzalana bilər”.

Ə.Nuriyevin sözlərinə görə, hər bir müraciətə fərq qoyulmadan baxılır: “Şəxsin ictimai həyatda nə qədər aktiv olması aparıcı rola malik deyil. Ancaq əlbəttə ki, qərarın bütövlükdə qəbul edilməsi, rəyin hazırlanması məsələlərində isə hər bir şəxsin etdiyi əməl, cinayətin xarakteri, şəxsin islaha meylliliyi, əməyə münasibəti, xarakteri nəzərə alınır. Eyni zamanda zərərçəkmişin mövqeləri, şəxsin azadlığa çıxdıqdan sonra cəmiyyət üçün nə dərəcədə faydalı və ya təhlükəli olması da diqqətə alınır. Bütün bunlar kompleks halda qiymətləndirilir və rəy hazırlanır. Burada hər hansı bir ayrı-seçkiliyin olması mümkün deyil”.

Son zamanlar komissiyanın tez-tez keçirdiyi iclaslarla bağlı isə Ə. Nuriyev aşağıdakıları söylədi: “Əfv Komissiyasının üzvü olaraq artıq ikinci ildir ki, iclaslara qatılıram. Komissiya bütün hallarda səmərəli işləyir və çoxsaylı iclaslar keçirir ki, hər bir işə lazımı qaydada baxılsın və heç kim kənarda qalmasın. Bundan əvvəlki ildə də 5-6 iclas olmuşdu. İndi də 5 iclas olub və növbəti də gözlənilir. Çünki bu iclaslarda bütövlükdə müraciət edənlərin ərizələrinə tam şəkildə baxılmalıdır. Ona görə iclasların həcmi və sayı da müraciətlərin hər tərəfli baxılması üçün lazım olan vaxt qədərdir”.

Siyasi müşahidəçilərin fikirncə, əfv sərəncamı imzalanarsa Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev, Asif Yusifli, Zeynalabdin Bağırzadə, NİDA-dan İlkin Rüstəmzadə və Əbdül Əbilov, REAL sədri İlqar Məmmədovun adının əfv siyahısına düşmə ehtimalı yüksəkdir.