Donald Tuskdan Azərbaycanla bağlı mühüm mesajlar:”Bu, yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək”

0
5
“Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır.”

Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Brüsseldə mətbuata birgə bəyanatla çıxış edərkən deyib.

O, Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan məmnun olduğunu, keçirilən görüşün məhsuldar və yaxşı keçdiyini söyləyib: “Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir.

Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq.”

D.Tusk bildirib ki, danışıqlar zamanı mən insan haqları və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım: “Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulayırıq. Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir”.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir” – Avropa İttifaqı Şurasının prezidenti deyib.

D.Tuskun sözlərinə görə, əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır: “Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram. Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək.”