Qloballaşma- ümumbəşəri proses kimi

0
7

Ülkər Süleymanova

Qərb universiteti , Dünya siyasi prosesləri fakultəsinin magistiri

 

Müasir dünya siyasətində bir çox inkişaf prosesləri və meylləri müşahidə olunur. Bu proseslər içərisində qloballaşmanın xüsusi yeri vardır. Qloballaşma dünyanın müasir inkişafında son illər bəlkə də ən çox müzakirə olunan va eyni zamanda dəqiq, konkret müəyyən edilməyən proseslərdən biridir. Qloballaşma adlanan bu proses  XX  əsrin əvvəllərindən başlayaraq işlənməkdə olan bir termindir, aktiv şəkildə elmi dövriyyəyə 1983-cü ildə Harvard professoru Teodor Levit tərəfindən gətirilmişdir. Qloballaşma ‐ birbaşa təhsilli cəmiyyətin meydana çıxması ilə əlaqədardır. C.Urry yazır ki, qlobal proses yeni maşınlar və texnologiyalar zamanı məsafəni azaldır və eyni zamanda sosial kontrolun sərhədlərini aşır. Urry burada reaktiv təyyarələri, audivizual verilişləri, kompüter texnologiyalarını və s. nəzərdə tutur.

Bu gün qloballaşmaya aid edilən məsələləri aşağıdakı kimi göstərmək olar:

  • Siyasi, sosial, iqtisadi və mədəni əlaqələrin inkişafı;
  • Amerika dəyərlər sisteminin qələbəsi, neoliberal iqtisadiyyat proqramının siyasi demokratikləşmə proqramı ilə birləşməsi;
  • Çoxsaylı və sonu məlum olmayan nəticələrə gətirib çıxaran texnoloji inqilab;
  • Dövlətlərin qlobal həll tələb edən qlobal problemləri (demoqrafiya, ekologiya, insan hüquqları və nüvə silahının yayılması) həll etmək qabiliyyətinin olmaması.

Bu gün qloballaşma problemini aktual edən əsas səbəblər aşağıdakılardır:

  • Qloballaşma, pozitiv və neqativ dəyər verilmədən, analitik olaraq düşünülməsi və həll edilməsi lazım gələn bir fenomendir;
  • Qloballaşma, bizləri iqtisadi inkişaf proseslərini və siyasətlərini düşünürkən alışıq olduğumuz millət‐dövlət paradiqmasının ötərində bir sahədə düşünməyə vadar edən bir fenomendir;
  • Qloballaşma, lokal idarələrin və açıq cəmiyyət institutlarının iştirak tələbləri təməlində, planlama prosesinə iştirakçı bir keyfiyyət qazandırmaqda və rasional idarəni iştirakçı bir tərzə dönüşdürməkdədir.
  • Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi, ictimai-siyasi və mədəni münasibətlər sisteminə cəlb olunması prosesidir.

Qloballaşma prosesi bütün dünya ölkələrini əhatə edən, iqtisadi, sosial-siyasi və mənəvi-ideoloji prosesdir. Müasir dövrdə bu prosesdən  kənarda qalmaq mümkün deyil. Cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində baş vərən qloballaşma prosesi müasir beynəlxalq əlaqələrdə baş verən obyektiv bir prosesdir.

Qloballaşma prosesi çoxölçülü va çoxaspektlidir. Bu gün qloballaşmanın daha çox maliyyə-iqtisadi, sosial-siyasi, hərbi və informasiya aspektlərindan bəhs edirlər. Lakin qloballaşma həm fərdin, həm da bütövlükdə cəmiyyətin həyat fəaliyyətinə həm müsbət, həm də mənfi təsir göstərir, yəni qloballaşma ikili və ziddiyyətli prosesdir. Qloballaşma həm pozitiv, həm də neqativ hadisələrlə nəticələnir. Pozitiv nəticələr aşağıdakı prosesləri əhatə edir: Son dövrdə sənaye sivilizasiyasının yaranması, iqtisadi sistemlərin formalaşması, elmi texniki tərəqqi nəticəsində informasiya cəmiyyətinə keçid, kommunikasiya və informasiya texnologiyalarının inkişafı nəticəsində insanın üstünləşməsinə, ixtisaslaşmasına şərait yaranmışdır; dünyanın ayrı-ayrı ərazilərində geosiyasi, geosivilizasion, geoiqtisadi planda qarşılıqlı əlaqələr yaranmış və güclənmişdir; mövcud dünya sivilizasiyalarının identikliyini qoruyub saxlamaq və inkişaf etdirmək meyli artmışdır;  qloballaşma dialoq üsulu kimi sivilizasiyaya doğru inkişafda əsas humanist ideyaya çevrilmişdir;  yoxsulluq, ərzaq çatışmazlığı, elmi-texniki tərəqqi, ekologiya, təbii sərvətlərdən istifadə, demoqrafiya, miqrasiya, terrorizm, böhran vəziyyətləri, regional konfliktlər lokal çərçivədən çıxaraq qloballaşmış və onların həllində bəşəriyyətin birgə səyinin yaradılmasını zəruri etmişdir; qloballaşma nəticəsində dünya inkişafı proqnozlaşdırılır və proqramlaşdırılır; insan hüquqlarının müdafiəsi, beynəlxalq hüquq normalarının təkmilləşməsi baş vermişdir.

Qloballaşma nəticəsində yaranan neqativ hadisələrə güclü hərbi sənayeyə və iqtisadiyyata malik olan dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında  ziddiyyət proseslərinin baş verməsini,  Qərb və Şərq sivilizasiyaları arasında ziddiyyətlərin dərinləşməsini, həmçinin kütləvi emiqrasiya axınları nəticəsində “yerlilər” və “gəlmələr” arasında ziddiyyəti, siyasi, hərbi, iqtisadi hökmranlığa can atan dövlətlərin, həm də sivilizasiya üstünlüklərinə malik olması nəticəsində “doğmalar” və “özgələr”, “elitar” və “qeyri-elitar” cəmiyyətlər arasında ziddiyyəti, amerikalaşma, homogenləşmə, kommersiyalaşma, qərbləşmə standartlarının digər sivilizasiyalarda narazılıq doğurmasından törəyən ziddiyyətləri misal göstərmək olar. Həmçinin qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, narkomaniyanın, böyük mafiyaların, beynəlxalq terrorun  yaranmasına gətirib çıxarmışdır.

Qloballaşma tamamilə spesifik cəhətdən dünyanı inteqrasiyaya məruz qoyur. Bəzi inteqrasiya cəhdləri həqiqətən birləşməyə aparır, digəri isə barışmaz ziddiyyətləri üzə çıxarır. Bütün mövcud əlamətlər bir daha sübut edir ki, dünya birliyinin differensiasiyası nəinki saxlanılacaq, həm də yeni ölçü əldə edərək, bir az da amansızlıq elementlərinə malik olacaqdır. Kütləvi kommunikasiya əsrində bərabərsizliyin fiksasiyası (daha vacibi isə ümid verən alternativin olmaması) ola bilər ki, olduqca sürətlə narazılıq və qarşıdurma yanğınını törədə bilər.

Beləliklə, bəşəriyyət özünün mövcudluğu dövründə ən mürəkkəb eraya qədəm qoyub, bu dövrdə dünya eyni zamanda təşkilatlanır və xaotik olur, qloballaşır və lokallaşır, birləşir və bölünür. Beləliklə, qloballaşma iqtisadi sahədə çox böyük inkişaf eldə edərək XX əsrin sonunda çərçivədən çıxaraq real şəkildə dünyanın siyasi strukturunu yenidən formalaşdırmağa başladı.

Geniş yayılmış belə bir fikir mövcuddur ki, qloballaşma milli dövlətlərin nüfuzunu və siyasi hakimiyyətinin itirilməsinə aparır. D. Bellanın formuluna görə isə qloballaşma “gündəlik böyük problem üçün olduqca kiçik, kiçik problem üçün həddindən artıq böyük forma alır”. Qloballaşmanın daha radikal tərəfdarları, hətta milli dövləti “nostaljik fiksiya” adlandırır və iddia edirlər ki, “milli dövlət erası özünün yekununa yaxınlaşır… Tam ehtimal olunur ki, postmilli qayda-qanun homogen fərdlər (milli dövlətlərin müasir sistemi) sistemine deyil, heterogen fərdlər arasındakı sistemə təsir göstərəcək (belə ki, bəzi sosial hərəkatlar, maraqlı qruplar, peşəkar birliklər, qeyri-hökumət təşkilatları, silahlı birləşmələr, hüquqi strukturlar və s.)”.

Qloballaşmanın inkişafı müxtləlif inkşaf pillələrində yerləşən qitələrin, dövlət və millətlərin, siyasi sistemlərin əlaqəsini özündə ehtiva edir. Bu dövlətlərə geostrateji və milli məsələlərinin həllindən asılı olaraq aşağdakı təsnifatı vermək olar :

  1. Hegemon dövlətlər, öz maraqlarını dünyanın hər bir yerində müdafiə etmək imkanına malikdirlər. Hegemon dövlətlər özlərinin və müttəfiqlərinin maraqlarını nəzərə ala biləcək və dünyada qabaqcıl mövqeyə malik olmaq üçün siyasi, iqtisadi, hərbi, ideoloji potensiala malik olurlar. Keçən əsrlərdə bu rola Roma, Osmanlı, Britaniya, Almaniya, ABŞ, SSR imperiyaları iddia edirdilər. İndiki dövrdə isə belə hegemon dövlət rolunda ABŞ çıxış edir.
  2. Nəhəng dövlətlər: bu dövlətlər nəinki qonşu regionlarda həttə dünyanın əsas regionlarında da maraqlara malik olurlar. Nəhəng dövlətlərin potensialı onlara öz maraqlarını müdafiə etməyə kömək edir və bu digər dövlətlərin onların və müttəfiq dövlətlərin maraqlarına hörmət edilməsinə gətirib çıxarır.
  3. Regional dövlətlər: bu dövlətlər onların sərhədlərinə qonşu olan rayonlarda maraqlara malik olur. Bu dövlətlərin potensialı yaxınlıqda olan proseslərə təsir göstərməyə imkan verir. Lakin iqtisadi, siyasi, hərbi gücün kifayət qədər olmaması sərhədlərdən uzaqda olan proseslərə  dərindən  müdaxilə etməyə  imkan vermir.

Qloballaşma şəraitində dövlətlərin bir sıra proseslərə nəzarət etməsi dünyada stabilliyin saxlanılması üçün zəruridir. Müasir dövrdə bunu güc balansı adlandırılır. Güc balansı bir sıra əsaslar nəticəsində qurulur:

– biopolyar əsas (dünyada və ya onun bir sıra regionlarında hegemon olan dövlətlər arasında bərabərlik);

– unipolyar əsas ( bu zaman bir hegemon dövlət dominant olur);

– polipolyar əsas ( ümumi bərabərliyi sığortalayan bir neçə güc və təsir mərkəzləri vardır).

Qloballaşma prosesinin analitik təhlili göstərir ki, qloballaşma yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır, sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrə əsaslanan ümumbəşəri prosesdir. Müstəqillik, insanın hüquq və azadlığı, din və vicdan azadlığı, ədalət, bərabərlik kimi dəyərlər qloballaşma prosesinin ümumbəşəri dəyərləri kimi qəbul edilmişdir.

Qloballaşma yeni dövrdə bütün dünya dövlətlərini mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur. Qloballaşma ilk növbədə milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasını zəruri edir. Bu da təbiidir ki, asan deyil, kapitalın asanlıqla yerdəyişməsi, dünyanın informasiya üçün açıq olması, texnoloji inqilabın doğurduğu nəticələrdən düzgün istifadə olunması, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiyalarının yaxınlaşması, millətlərarası münasibətlərdə müsbət meyillərin güclənməsi, yeni nəqliyyat növləri, telekommunikasiya texnologiyalarının reallaşması, təhsilin inkişafı və s. amillər bu mütərəqqi prosesdə mühüm rol oynayır. Qloballaşma qarşısıalınmaz bir prosessdir, o, bəşəriyyətin  müasir inkişafının nəticəsidir.