Yol polisi reydlərə başladı- Cərimələr 50-300 manat arası dəyişir

0
5
Oktyabrın 31-də Azərbaycanda istifadə edilən bütün növ nəqliyyat vasitələri və ölkə üzrə istifadə edilən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb. Noyabrın 1-dən etibarən yol polisləri texniki baxışdan keçməyən avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, artıq noyabrın 1-dən yol polisləri Bakıda reydlərə başlayıb: “Yol polisləri tərəfindən saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi aşkarlanarsa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir. Fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Avtomobili texniki baxışdan keçməyən sürücüyə yol polisi tərəfindən inzibati protokol tərtib edilirsə, 10 gün müddətinə avtomobil texniki baxışa təqdim edilmirsə, 10 gündən sonra həmin sürücüyə yenidən protokol tərtib edilə bilər. Ona görə də avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim etsinlər”.

V.Əsədov bildirib ki, bunun üçün Bakının Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində Respublika Dövlət Yol Polisinin Diaqnostika Şöbəsi fasiləsiz fəaliyyət göstərir: “Həmin şöbə bütün təqdim edilən avtomobillərin texniki baxışdan keçirilməsi üçün müasir tipli xüsusi avadanlıqlarla təchiz edilib. Əvvəllər texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim edərkən sürücü cərimələnirdi. Amma indi sürücü əgər avtomobili texniki baxışa təqdim edirsə, ona cərimə yazılmır və avtomobil maneəsiz texniki baxışdan keçirilir”.