“Bu il müəllimlərin diaqnostik qiymətləndirilməsi cənub bölgəsindən başlanılacaq. Dianqostik qiymətləndirmə ilə bağlı ilk imtahan Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının müəllimlərini əhatə edəcək”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valheov deyib. Nazirlik rəsmisi qeyd edib ki, daha sonra siyahi üzrə digər rayonlarda müəllimlərin diaqnostik qiymətləndirməsi keçiriləcək. “Müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabr ayının sonlarından başlanılıb, dekabr ayının sonuncu 10 günlüyünün ortalarına qədər davam edəcək. Diaqnostik qiymətləndirmədə iştirak edən kontingent müddətli və müddətsiz müqavilə üzrə işləyən müəllimlər, eyni zamanda gənclərin çağırışaqədərki hazırlıq rəhbərləridir. Təhsil Nazirliyi tərəfindən dianqostik qiymətləndirmənin keçirilməsi ilə əlaqədar görüləcək işlərin siyahısı təsdiq olunub. İlkin olaraq yerlərdə görüşlərin keçirilməsindən başlamışıq. Kontingentin siyahılarının toplanması və imtahanların keçiriləcəyi zallların hazırlanması, işçi qrupunun formalaşdırılması və bunun fövqündə ictimai işin təşkili və s. bütövlükdə qarşımızda duran əsas məqamlardır. Ümumilikdə bu proseslərə artıq başlanılıb”.
C.Valehovun sözlərinə görə, bu il keçiriləcək imtahan 40 min müəllimi əhatə edəcək. “Keçən il 12 şəhər və rayonda 60 min müəllim dianqostik qiymətləndirmədən keçirildi. Bu il 40 min müəllimin diaqnostik qiymətləndirmədən keçirilməsi nəzərdə tutulur ki, bu da bütünlükdə 100 min nəfərin əmək haqlarında artıma səbəb olacaq. Həmçinin diaqnostik qiymətləndirə keçiriləcək və bir-birinə yaxın olan rayonların müəllimləri bir vaxtda imtahan verəcəklər. Lənkəran, Lerik, Yadımlı, Astara bölgəsindən olan müəllimlər Lənkəranda, Salyan, Biləsuvar, Neftçaladan olan müəllimlər toplanaraq Salyanda, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarından olan müəllimlər Qubada, Qobustan, Şamaxı, İsmayıllı, Ağsudan olan müəllimlər Şamaxıda, Kürdəmir, Ucar, Zərdab, Ağcabədidən olan müəllimlər Kürdəmirdə, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşadan olan müəllimlər isə Şəmkirdə imtahan verəcəklər”.
Sektor müdirinin sözlərinə görə, 2015-ci ildə diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən, işə yeni qəbul edilən müəllimlər üçün də imtahanlarda iştirak etmək üçün şərait yaradılacaq. “Onlar diaqnostik qiymətləndirmə keçirilən yaxın rayonlarda imtahan verəcəklər. Eyni zamanda dianqostik qiymətləndirmədən keçməyən və müəllimlərin yerdəyişməsi zamanı dianqostik qiymətləndirmə keçirilən rayonlara gedən müəllimlər üçün də imtahanda iştirak etməyə şərait yaradılacaq. Bununla yanaşı, diaqnostik qiymətləndirmə ilə bağlı yaradılan dq.edu.az saytı yenilənir və bütün məlumatlar orada əlavə ediləcək ki, müəllimlərimiz həmin məlumatlardan yararlana bilsinlər”.