Rusiya Polşa və Litva arasında yerləşən Kalininqrad anklavına nüvə başlığı daşıya bilən “İskəndər-M” raketlərini gətirib.
Rusiya Müdafiə Nazirliinin məlumatında deyilir ki, raketlərin Avropa İttifaqı ilə həmsərhəd bölgəyə gətirilməsi plan üzrə keçirilən təlimlərlə bağlıdır. Lakin ABŞ kəşfiyyatı rəsmilərindən birinin sözlərinə görə, Rusiya “İskəndər-M” raketlərini Baltika bölgəsinə gətirməklə NATO-ya narazılığını ifadə etməyə çalışır.
Rusiya Müdafiə Nazirlyinin sözçüsü İqor Konaşenkov deyib ki, Moskva bu raketlərin Kalininqrada gətirilməsini bilərəkdən ABŞ-ın casus peyklərindən gizlətməyib. “Biz istəmədik ki, amerikalı partnyorlarımız bundan sensasiyalı xəbər düzəltsinlər” – deyib sözçü.
Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd olan NATO üzvü Litva bəyan edib ki, Moskvanın hərəkəti ilə bağlı rəsmi etirazla müraciət edəcək.
Litvanın xarici işlər naziri Linas Linkeviçius deyib ki, döyüş məsafəsi 500 kilometri aşan ballistik raketlərin onun sərhədinə çıxarılması beynəlxalq razılaşmalarının kobud şəkildə pozulması deməkdir. Nazir bildirib ki, bu məsələni NATO-Rusiya Şurasının növbəti görüşündə qaldıracaq.
“Reuters” agentliyi Linkeviçiusa istinadən yazır ki, “İskəndər”in bəzi modifikasiyaları 700 kilometrədək məsafəni, məsələn Berlini vurmaq qabiliyyətinə malikdir.
“Bu, adi Rusiya taktikasıdır: gərginliyi artırmaq, təfriqə salmaq, sonra isə güzəştlər əldə etmək” – deyib Litva naziri.
“Reuters” xatırladır ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin nüvə silahı dərəcəli plutoniumun ləğvinə dair Vaşinqton-Moskva müqaviləsini dayandırıb. Putin bəyan edib ki, bu, Vaşinqtonun “qeyri-dost hərəkətlərinə Moskvanın cavabıdır”.
Bundan daha əvvəl Rusiya Azərbaycanla müharibədə olan Ermənistana “İskəndər” raketləri verərək, Cənubi Qafqazdakı hərbi balansı yenidən Yerevanın xeyrinə dəyişib. İndi Ermənistanın ixtiyarında olan “İskəndər” raketləri Azərbaycanın paytaxtı Bakı da daxil, onun bütün ərazisini vura bilmək qabiliyyətindədir.
Azadliqradiosu.az