Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, ölkəyə payız fəsli sentyabrın 22-də saat 18:21-də daxil olacaq.
O bildirib ki, bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq: “Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”.
X.Mikayılovun sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Bundan sonra təkrar gecələr qısalmağa başlayacaq və martın 21-də gecə-gündüz bərabərliyi baş verəcək.
X.Mikayılov onu da qeyd edib ki, bu il qış Azərbaycana dekabrın 21-i, saat 14:44-də daxil olacaq. (Report)