Məsələyə münasibət bildirən bir çox tanınmış referendum ərəfəsində belə çəkişmələri mənasız, gündəmdə qalmaq üçün yersiz polemika kimi qiymətləndiriblər. Çəkişmənin kriminal “razborka”ya çevrildiyini nəzərə alıb, ömrünün bir çox illərini müxtəlif həbsxanalarda, cəzaçəkmə müəssisələrində keçirmiş CANP-ın sədri Ramiz Tağıyevə müraciət edib, münasibət bildirməsini xahiş etdik.
Ramiz bəy siyasətçilərin “razborka”ya baş vurmallarından təəssüfləndiyini bildirib:”Görün hardan hara gəldik. Siyasi gündəmi nə hala saldılar. Bunlarmı iqtidara gəlmək istəyirlər?! Böyük Məmmədəmin Rəsulzadənin varisləri bunlarmı?! Hər iki tərəfi qınayıram. Sədi Şirazi demişkən, “özünü alim hesab edən kəs, nadanla eyni səviyyəyə enməməliydi”. Düşünürəm ki, hər iki tərəf özlərini ölkə siyasi camiəsinə olduqları səviyyədə təqdim etdilər. O ki qaldı “xlebnik”lik-həbsxanada kəsilmiş çörək məsələsinə, düşünürəm ki, həmin çörəyin mayasının haram-halallığından çox şey asılıdı. Birdə ki, 3-4 gün həbsxanada olub, onu da əfv olunmaq üçün ərizə yazmağa sərf edənlərin “razborka”ya girişmələri kriminal aləmin dili ilə desək, onların başı üçün deyil. Bunlar siyasəti ağ günə çıxardılar ki, indi keçiblər kriminal aləmə. Əlbəttə, həyat bir çoxumuzu kriminal dünyanın içində olmağa məcbur edib. Elə siyasilər, jurnalistlər var ki, o aləmdə özlərini, adlarını saxlaya, böyük hörmət qazanmağa nail olublar. Həmin sırada Fərəməz Novruzoğlu, Məhəmmədəli Qəribli də var. Yəni, onlar “ponyatka”dan tam söhbət aça bilərlər. Ciddi rejimli Cəzaçəkmə müəssisələrində kriminal qanunlar daha işlək olduğundan, oradan hər adam öz adıyla çıxa bilmir. Raufla Arifin 3-4 gün cəza çəkdikləri müəssisələr demək olar ki, çətin tərbiyə olunan uşaqların internat məktəbindən bir o qədər fərqlənmiyib. Mən bir çox həbsxanalarda- MTN-in İstintaq Təcridxanasında, Bayılda, “Bandotdel”də, Kürdəxanıda yerləşən 1 saylı təcridxanada, həm də 2 ,16,7,12 saylı cəzaçəkmə müəssisələrində olmuşam. Kim nə deyirsə desin, azadlıqda kimsənsə, bağlı qapı arxasında da dəyişmirsən. Bunu səmimi qəbul edin, həbsxana həyatımda da dəyişməmişəm. Təsəvvür edirsinizmi, MTN-nin sifarşiylə məni saxlandığım 7 saylı Ciddi Rejimli Cəzaçəkmə müəssisəsindən Qaradağda yerləşən 12 saylıya etap edəndə bütün “zon” etiraza qalxıb, etapı düz 4 saat gecikdirdi. Mənim xahişimdən sonra sakitləşdilər. Həbsxana həyatı keçdiyin ömür yolunu təhlil edib, gələcəyini müəyyən etmək üçün pis yer deyil. Gərək səmərəli istifadə edə biləsən. Görünür Raufla Arif bu şansdan yetərincə istifadə edə bilməyiblər. Birdə ki, özünə hörmət qoyan-özünü tanıyan kişilər siyasəti insanlıqdan önə çıxarmamalıdırlar. Bu,insanlığı itirmək olur. İnsanlığın tükəndiyi zaman isə çörəyin müqəddəsliyindən söhbət açmaq absurddur. Məncə,tərəflər öz səviyyələrində söhbət aparsalar daha düzgün olar. Yoxsa, kriminal aləmin təmiz qanunlarını çirkaba bulaşdırmağa dəyməz. O aləmdə çox böyük oğullar var ki, öldürsələr belə kəsdiyi çörəyi itirməz”.
Nicat