“Ramiz Tagıyev:”Ölkəmizdə intiriqabaz müxalifət dəyişməyənə qədər hər hansı dəyişiklik gözləmək absurddur”
Müxalifət düşərgəsində yenə ara qarışıb. Qarşılıqlı ittihamlar, çəkişmələr artıq cəmiyyəti də bezdirmiş kimi görünür. Belə çəkişmələrin qarşıdan gələn referendumun astanasında baş verməsi isə müxalifətin müqavimət gücünün olmamasının, bunu pərdələmək üçün bir -birləri ilə çəkişib gündəmdə qalmaq istəklərinin təzahürü anlamına gəlir.
Baş verənlərə münasibət bildirən Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev ölkə müxalifətinin uzun illərdir xalqın taleyilə zarafatlaşdığını qeyd etdi:”Mövcud müxalifətin gücü yalnız öz aralarında çəkişməyə yetərlidir. Yalnız intiriqalarla gündəmdə qalmaqdan savayı əllərindən heç nə gəlmir. Uzun illərdi yerində sayan, yaratdıqları bütün birliklərin ömrü bir ayı ötməyən müxalifətlə uğur qazanmaq barədə düşünmək belə diletantlıqdır.
Müxalifətin uguru yalnız böyük birlikdən keçir ki, mövcud müxalifətin belə birliyə imza atacağı inandırıcı görünmür. Sirr deyil ki, hətta aparıcı müxalifət partiyaları iqtidarın çəkdiyi qırmızı xətdən bir addım kənara çıxa bilmir. Müxalifət sözün əsil mənasında reanimasiyadadır. Bu halın ölkə üçün taleyüklü hadisənin-referendumun astanasında yaşanması həqiqətən gələcəyimiz üçün yaxşı heç nə vəd etmir.
Əgər, təcilli toplaşıb, böyük birlik yaradılmazsa, ölkəni gözləyən bütün faciələrin məsuliyyəti müxalifət partiyalarının üzərində qalacaq.Təəssüf ki, bu baş verməyəcək, yəni, birliyin baş tutacağına inanmıram. Çünki, aparıcı müxalifət partiyaların rəhbərlərini yaxşı tanıyıram. Onların əksəriyyəti özlərini Milli Azadlıq Hərəkatının mücahidləri kimi təqdim etsələr də, elə o zamanlarda da loyal, liberal mövqeləriylə öndə olmaq cəsarətində bulunmayıblar. Əlbəttə, indi onlara qoşulub, belə bir taleyüklü proseslərin astanasında keçmişi xatırlatmaq istəməzdim. Təklifim budur ki, xalqı düşünən siyasi liderlər təcilli toplaşıb, böyük birliyə imza atmalıdırlar. Təkəbbürdən, şəxsi və hətta partiya iddialarından əl çəkib, ümumilli maraqlara xidmət göstərən birlik təcilli yaradılmalıdır. Bu işdə partiyalarda təmsil olunan sıravilərin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, birlik çağırışlarını onlar səsləndirməlidirlər. Qoy onların çağırışları liderlərini ayıltsın ki, sən molla, ruhani deyilsən, Quranın təfsiriylə məşgul olasan və yaxud əl çəkin şou-biznesin nümayəndələri kimi bir-birinizi rüsvay etmək yetməzmi? Kimlər ki, böyük birliyə qatılmayacaqlarsa, şübhəsiz, iqtidarın mənafeyinə xidmət göstərəcəklər. Müxalifətin yeganə problemi davamlı, qələbə yolçusu ola biləcək birlik yarada bilməməsidir. Bunu əngəlləyənlərin kimliyi də məlumdur. Əgər,düşünüb-daşınıb səhvlərini anlamayacaqlarsa, referendumnan sonra bu müxalifətin tarixin arxivinə atılması qaçılmaz olacaq. Açıq söyləyim, müxalifət liderləri sayılan şəxslər əllərini bir müddət iqtidarın cibindən çəkib, çirkli pullardan imtina edə bilsələr, o halda davamlı böyük birliyə imza atmaq mümkün olacaq.”
Nicat Sadiq