Hər birimizin səbrsizliklə gözlədiyi tətil dövrü başlayıb. Çoxlarınız hovuzlu otellərdə dincəlmək planları qurmusunuz.
Bəs hovuzdan yoluxa biləcəyiniz xəstəliklərin olduğunu bilirsinizmi? Hovuzda çimərkən yoluxa biləcəyiniz infeksiyalar haqda məlumatı təqdim edirik.
Qeyd edək ki, bu infeksiyaların ən önəmli səbəbi isə yetərincə yaxşı təmizlənməmiş və dezinfeksiya edilməmiş hovuzdur.
Həzm sistemi infeksiyaları
Hovuzdan yoluxulan infeksiyaların başında həzm sistemi infeksiyaları və ishal halları gəlir. Başda rotavirus, hepatit A, salmonella (Tifo), Shigella , E.Coli olmaqla çox çeşidli virus və bakteriyalar su sirkulyasiyası və xlorlamanın yetərsiz olduğu hovuzlarda uzun müddət canlı qala bilir. Bu mikrobların olduğu hovuz suyunun çox az miqdarda udulması ilə insanlara yoluxula bilər.
Necə qoruna bilərsiniz?
– Xlorlamanın və su sirkulyasının yetərli olmadığını düşündüyünüz hovuzlara girməyin.
– Hovuz suyunu qətiyyən udmayın. Əsasən saqqız çeynəyərkən su ağıza gedə bilər. Buna görə üzərkən saqqız çeynəməyin.
– Uşaq və yetkin hovuzlarının ayrı olduğu yerlərə üstünlük verin.
Sidik yolu infeksiyaları
Sidik yolu infeksiyaları genital göbələk infeksiyaları və qadınlarda vaginit də sıx rastlanan kimi qarşımıza çıxır. Bu infeksiyalar sidiyə gedərkən göynəmə, tez-tez sidiyə getmək, bel və qasıq ağrısı, genital bölgədə ağrı, qaşıntı və axıntı kimi əlamətlərlə özünü göstərir.
Necə qorunmaq olar?
– Yaş çimərlik geyimində uzun müddət oturmayın, mütləq qurulanın.
– Hovuzdan sonra qısa müddətdə duş alaraq təmiz paltarlarınızı geyinin.
– Təmiz və gigiyenik olmayan tualetə getməyin.
Dəri infeksiyaları və göbələklər
Bəzi dəri infeksiyaları və göbələklər hovuz yolu ilə yoluxa bilər. Unutmayın ki, isti havalarda artan tərləmə prosesi göbələk infeksiyası riskini artırır. Həm də çox xlor istifadə edilən hovuzların suyu dərisi həssas olan insanlarda qıcıqlanmalar yarada bilər. Gigiyenik və təmiz olmayan hovuzlardan qotur kimi dəri xəstəliklərinə yoluxmaq mümkündür.
Necə qorunmaq olar?
– Hovuza girmədən əvvəl duşa girməyin, ayaqların antiseptik məhlullarla yuyulmasının və hovuz papağının taxılmasının məcburi sayıldığı yerlərə gedin.
– Hovuzdan çıxarkən dərhal çimərək, üzərinizdəki mikrob və xlordan təmizlənin.
– Özünüzə məxsus təmiz bir dəsmalla dərhal qurulanın. Çünki qotur və göbələk kimi infeksiyaların yaranmasında nəm önəm daşıyır.
Xarici qulaq yolu infeksiyaları və sinusit
Xarici qulaq yolu infeksiyaları ciddi problemə yol aça bilər. Uzun müddət suda qalmaq, ya da qulağa su dolması nəticəsində xarici qulaq yolu florası pozulur və baryer ortadan qalxır. Bu baryerin ortadan qalxması ilə bura yerləşən başda Pseudomonas Aeruginosa olmaqla çox çeşidli bakteriyalar xarici qulaq yoluna yerləşib otit yaradır. Hər hansı səbəbdən qulaq pərdəsində zədələnmə, ya da qulağa sırğa taxılması kimi hallarda sadəcə xarici qulaq deyil, qulağın digər bölümləri də infeksiyaya açıq hala gəlir. Suya baş vurarkən bakteriyalar burun yoluyla sinuslara qədər gedir və sinuait yaradır. Buna görə suya baş vurarkən diqqətli olmaq lazımdır.
Necə qorunmaq lazımdır?
– Hovuza girərkən mütləq qulaqcıq istifadə edin.
– Aktiv qulaq infeksiyasınız varsa, hovuza girməyin.
– Sinusitdən qorunmaq üçün hovuza girərkən və ya suya tullanarkən burun tıxacı istifadə edin, ya da burnunuzu əlinizlə bağlayın.
Göz infeksiyaları
Bakteriyalar, ya da hovuz suyundakı xlor gözlərdə qıcıqlanmaya səbəb olur və nəticədə kanyuktivit yarana bilər. Belə halda gözlərdə qızartı və şiddətli ağrı olur.
Necə qorunmaq olar?
Hovuza girərkən sualtı eynək taxın. Eynək taxmaq istəmirsinizsə, suya girərkən gözlərinizi bağlayın.
Hovuzla bağlı ehtiyat tədbirləri
– Böyük və su sirkulyasiyasının çox olduğu hovuzlara gedin.
– Hovuzda gözlə görünən kirlilik və suda bulanıqlıq varsa, o hovuza girməyin.
– Yetərli dezinfeksiya edilməyən, su sirkulyasiyası olmayan, eyni suyun filtr edilmədən təkrar-təkrar xlorlandığı hovuzlara girməyin.
– Hovuza daha az adamın olduğu saatlarda girin.
– Hovuza girərkən hovuz papağı, sualtı eynək və qulaq tıxacı istifadə edin.
– 2 yaşından kiçik uşaqları ümumi hovuzlara salmayın.
Aile.lent.az