“Formula 1”: komanda və pilotlarının xərcini kim ödəyib?

0
6

“Adətən pilotlar yollardan şikayətlənirlər. Lakin Bakıda vəziyyət başqadır. Bütün yarış iştirakçıları məmnun qalıblar”.

Bunu ANS TV-nin “Hesabat” verilişində sualları cavablandıran “Formula 1” yarışlarının rəhbəri Berni Ekkilstoun deyib.

“Formula 1” yarışları keçirən ölkələrin bu yarışlardan nə kimi qazanc əldə edəcəyinə toxunan Berni Ekkilstoun “Formula 1”-in də kifayət qədər yarışlara vəsait sərf etdiyini bildirib.

“Burada təkcə gəlir əldə etməkdən söhbət getmir. Biz özümüz də külli miqdarda vəsait sərf edirik. Komanda və pilotların hər birinin xərclərini özümüz ödəyirik. Hesab edirəm ki, bunun ölkə üçün böyük əhəmiyyəti var. Çünki “Formula 1”-in başlamasına qədər bir çoxları Bakı haqqında heç bir məlumata malik deyildi. Əminəm ki, tanınmaq daha vacib olan amildir”,-deyə yarışın rəhbəri sualları cavablandırarkən deyib.

“Formula 1” yarışlarının Bakıda keçirləməsinin məhz onun qərarı olduğunu söyləyən Berni Ekkilstoun bu yarışı keçirmək üçün bir neçə ölkənin müraciət etdiyini, bu bölgəni çox bəyəndiyini və seçimin onun qərarına əsasən edildiyini əlavə edib. Daha sonra o, bu yarışların 5 il Bakıda keçirilməsinin məcburi olması məsələsinə toxunaraq əminliklə vurğulayıb ki, “Formula-1” daha 5 il müddətinə ölkəmizdə keçiriləcək.

“Dəqiq bilirəm ki, biz 5 il burdayıq. Əminəm ki, 5 il bitəndən sonra bu rəqəmin üzərinə daha 5 ildə əlavə olunacaq”,- deyə Ekkilstoun vurğulayıb.

Qonaq Bakının indiyə kimi bu yarışların keçirildiyi ölkələr siyahısında ilk beşlikdə qərarlaşdığını qeyd edib. Ölkəmizdə keçirilən yarışları Şimali Amerika və Braziliyadakı yarışlarla müqayisə edən Berni Ekkilstoun Bakının bu ölkələrdə keçirilən yarışları geridə qoyduğunu diqqətə çatdırıb.

Daha sonra cavanlğının və gümrahlığının sirri haqqında verilən sualı cavablandıran “Formula 1” rəhbəri, heç bir xüsusi reseptin olmadığını, heç məşq də etmədiyini, lakin siqaret və içkidən hər zaman uzaq durduğunu bildirib. Ölkəmizdəki mehribançılıqdan, qonaq pərvərlikdən ağız dolusu danışan qonaq Bakıya həyat yoldaşı ilə birgə gəldiyini söyləyib. Bakıda olmaqdan xoşbəxtlik keçirdiyini bildirən Ekkilstoun şəhərimizin memarlıq üslubunu çox bəyəndiyini söyləyib.