Azərbaycan Xarici İşlər Nazirliyi ermənilər tərəfindən işğal olunmuş ərazilərə, həmçinin Kəlbəcərə qanunsuz turist səyahətləri təşkil edilməsi və ərazilərimizin Ermənistan ərazisi kimi təqdim edilməsi ilə bağlı məlumatı araşdıracaq.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bidirib.
O qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək: “Azərbaycanın işğal olunmuş ərazilərinə bu kimi qanunsuz turist səfərlərinin həyata keçirilməsi ilə bağlı məsələ Ümumdünya Turist Təşkilatının İcraiyyə Şurasının iclasında da Azərbaycan tərəfindən qaldırılıb. İcraiyyə Şurasının da tövsiyəsi vardır ki, işğal olunmuş ərazilərə və yaxud münaqişə zonalarına turist səfərlərinin təşkil olunmasından turist turları təşkil edənlər çəkinməlidirlər”.
Qeyd edək ki, KİV-də Moskvadan Kəlbəcərə turist turlarının təşkil olunmsı barədə məlumat yayılıb. Moderator.az saytının yaydığı, fakta əsaslanan xəbərdə deyilir ki, Rusiyadakı bir sıra turizm şirkətləri işğal altındakı Azərbaycan torpaqlarına turizm turları təşkil edir və bu azmış kimi, öz təqdimatlarında, elanlarında həmin bölgələri Ermənistan əraziləri kimi göstərirlər.
Fakt kimi isə Rusiya paytaxtının mərkəzində, “Belaruskaya” metro stansiyasının yaxınlığında 1-ci Yamskoye Pole küçəsi, ev 10 ünvanında yerləşən “Svejiy veter”(“Sərin külək”) səyahətçilər klubunun reklam elanları göstərilir. 2010-cu ildə yaradılan, əvvəlcə yalnız ölkə daxilindəki görməli yerlərə səyahətlər təşkil edən qurum artıq bir neçə ildir ki, vətəndaşları digər qonşu ölkələr, o cümlədən Ermənistana da turlara cəlb edir və bu səyahət klubu üçün Ermənistan deyəndə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər kimi əsrarəngiz təbiəti olan Azərbaycan bölgələrini də nəzərdə tutur.
Bu il iyulun 11-dən 15-dək təşkil edilən Sevan gölünün də daxil olduğu 5 günlük səyahət turunda “Karvaçar” adlandırılan Kəlbəcər torpaqları belə təqdim edilir: “Naməlum Karvaçar. Dağlıq Qarabağın (Ermənistan) ən yüksək dağlıq rayonuna səyahət. Dağlıq Qarabağın ən yüksək dağlıq rayonuna səyahət. Burada biz coşqun çayların və qeyzerlərin arasındakı sərt dərələrdə, 2000 metrdən çox hündürlüyü olan zirvələrdə bir neçə gün keçirəcəyik. Karvaçar torpaqları hətta ermənilərin özü tərəfindən də az tədqiq olunub. Yaxşı ov, qaynar bulaqlardan axan müalicəvi su və Qarabağda ən yaxşı dağ balı – bu bölgə barədə ən geniş yayılmış assosiasiyalar bunlardır…”