Təhsil Nazirliyinin qərarının şagirdlərə təsiri – “Burnumdan qan gəlir, qol-ayaqlarımı hiss etmirəm”

0
4

Bu ildən etibarən ümumtəhsil məktəblərində dərs müddətinin mayın 31-dən iyunun 14-dək uzadılması heç də bütün şagirdləri qane etmir.

Azinforum.az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, bu hal hava şəraitinin daha isti keçdiyi Mərkəzi Aran bölgəsində xüsusi ilə nəzərə çarpır. Mingəçevir şəhər 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Seyidağa Həsənli deyir ki, günün isti saatlarında məktəbdən geri qayıtmaq onun üçün çətindir. “İstidən burnumdan qan gəlir, başım hərlənir, qol-ayaqlarımı hiss etmirəm”, – deyə şagird Seyidağa Həsənli bildirib. Həkimlər isə deyir ki, havanın istiliyi uşaqların normal dərs qavramasına imkan vermir. Həmçinin, uşaqların səhhətində pozğunluqların meydana gəlmə ehtimalı var. “Uşaqlarda qusma halları, ishal, temperaturun artması müşahidə oluna bilər. Nəzərə alsaq ki, həm ətraf mühitin temperaturu olur, eyni zamanda bədən hərarəti də ərtaf mühitə uyğun olaraq artır. Yəni, bu cür hallar dediyim kimi diareya, ishal, qusma, baş ağrısı, baş gicəllənmə, burun qanaxmaları kimi fəsadlar törədə bilər”, – deyə həkim Yeganə Abdullayeva vurğulayıb. Yarana biləcək problemlərlə əlaqədar bəzi şagirdlər tədris ilinin əvvəlki vəziyyətdə qalmasını istəyirlər.

“İndi havalar istidi deyə evə gəlib-getmək bir az çətinləşir. Deyirəm ki, məktəb vaxtını bir az aşağı salsalar, yaxşı olardı. İndi arada özümlə su aparıram, birdən yoruluram, kölgədə istirahət edirəm”, – deyə şagird Fatimə Qasımlı bildirib.

Mingəçevir Şəhər Təhsil Şöbəsindən isə bildirilir ki, dərs ilinin uzadılması təhsilin inkişafına yönələn addımlardan biridir. Məqsəd şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılmasıdır. “Burada əsas məsələ ondan ibarətdir ki, tədris materiallarının ağır olması ilə əlaqədar şagirdlərdə tədris materiallarının keyfiyyətli mənimsənilməməsi məsələsi var idi”, – deyə Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov vurğulayıb. Təhsil şöbəsindən o da deyilir ki, tədris ilinin iyunun 14-də yekunlaşmasına dair mütəmadi olaraq məktəblərdə reydlər də keçirilir.