Ermənistan generalı Naxçıvan istiqamətindən hücum gözləyir

0
5

Ermənistan ordusunun Naxçıvan istiqamətində dislokasiya olunmuş 4-cü korpusunun komandanı, general Andranik Makaryan təmas xəttinin bu istiqamətində vəziyyətin “hər an dəyişə biləcəyini” deyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, general Makaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində sərhədə hərbi texnika və əlavə qüvvələr cəmləşdirməsinə dair son günlər Ermənistanda yayılan xəbərlərə şərh verərkən belə deyib.

“Biz hər an vəziyyətin istənilən inkişafına hazır olmalıyıq. Sərhədin bütün perimetri boyu situasiya cəmi bir neçə saat ərzində ildırım sürəti ilə dəyişə bilər”– düşmən generalı deyib.

“Qarabağda aprelin əvvəllərində baş verənlər təmas xəttinin bütün perimetri boyu da baş verə bilər. Sərhədin bu hissəsində zahiri sakitliyə və vədlərə inanmaq lazım deyil”-Makaryan əlavə edib.

Azərbaycanın Naxçıvan istiqamətində sərhədə hərbi texnika və əlavə qüvvə cəmləşdirdiyi barədə aprelin sonlarında Ermənistanda müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşündə danışılıb. Bu görüş qapalı olsa da deputatlardan bəziləri mətbuata açıqlama verərək Naxçıvanla sərhəddə vəziyyətin müzakirə olunduğunu deyiblər.

İki gün əvvəl Ermənistan ordusu sərhədin bu hissəsində Naxçıvan əlahiddə ümumqoşun ordusunun mövqelərini atəşə tutub və bir əsgərimiz yaralanıb. Düşmən mövqelərinə cavab zərbələri endirilib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan insidenti təkzib edib və deyib ki, Naxçıvan istiqamətində tam sakitlikdir.

Azərbaycan ordusunun silahlanmasında olan uzaqmənzilli artilleriya qurğuları və reaktiv yaylım atəşi sistemləri imkan verir ki, Naxçıvan istiqamətindən birbaşa İrəvana zərbələr endirilsin.