Azərbaycanın ayrı-ayrı rayonlarına təyinat alan icra başçıları əvvəlki vaxtlara nisbətən özlərini necə deyərlər “yığışdırıblar”. Təbii ki, Prezidentin bir neçə icra başçısının vəzifəsinə xitam verilməsilə bağlı dalbadal imzaladığı sərəncamlar bu məsələyə birbaşa təsir edib.
Amma buna baxmayaraq, bəzi “əyalət padşahları” yenə də öz “doğrular”ından əl çəkmirlər. Bunu əbəs yerə demirik.
Modern.az saytına məlum olub ki, vəzifəsinin icrasına başlayan bəzi icra başçıları (konkret 3 nəfərin adı hallanır – G.R.) təyinat aldığı rayonda kirayədə yaşadığı evin ödənişini belə etmirlər. Məsələ burasındadır ki, bəzi vəzifəli şəxslər heç vaxt yaşamadığı, sakini olmadığı rayonlara təyinat alır. Bu zaman onların məskunlaşması üçün ev kirayələmək lazım gəlir. Çünki, tez bir zamanda ev almaq, yaxud ev tikdirmək müşkül məsələdir. Rayonlarda bir vaxtlar tikilmiş Qonaq evlərində yaxşı şərait olmadığından, bu halda ən asan yol ev kirayələməkdir. Beləliklə, yeni icra başçısı əyalətdə ürəyinə yatan evi kirayələyir, yaşayır, ödəniş vaxtı “pul yoxdur” deyir… Naəlac qalan vətəndaş isə hara üz tutacağını bilmir. Çünki, istənilən halda onu “səhv çıxaracaqlar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az saytına danışarkən çox böyük əminliklə “icra başçıları üçün təyinat aldıqları yerlərdə heç bir problem olmur” deyib:
“Məgər icra başçısı ev dərdi çəkir ki?.. Rayonların əksəriyyətində Qonaq evləri var. Həmin qonaq evləri yenə də icra hakimiyyətlərinin balansındadır. Yaxud ev tuturlar. Ən pis halda bir müddət sonra elə həmin rayonda özlərinə ev tikdirirlər. Şəxsən mən belələrini tanıyıram. Kifayət qədər belə icra başçılarımız var. Amma həmin evlərin sonrakı aqibəti necə olur, onu deyə bilmərəm.
İcra başçılarının rayonlarda yaşaması ilə bağlı hər hansı çətinlik, problem yoxdur. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki, şəxs həmin rayonun bir növ sahibinə çevrilir”.
F.Ağamalı icra başçısının kirayə ödənişindən imtina etməsini qanunsuzluq adlandırıb:
“Ev sahibi icra başçısı kirayə haqqını ödəmədiyi halda məhkəməyə müraciət edə bilər. Çünki, o, ödənişi tələb etmək hüququna malikdir.
Əgər icra başçısı yaşadığı evin kirayə haqqını ödəmirsə, ciddi şəkildə qanun pozuntusuna yol verir və vətəndaşın mülkiyyət hüququnu pozur. Belə icra başçıları varsa, biz də tanımaq istəyərik. Hətta bəlkə onlara “köməklik” də edərik”.