“Ermənistan seysmik zonadakı köhnə atom elektrik stansiyası ilə bağlı təhlükəli oyun oynayır”.
ABŞ-ın “Huffington Post” qəzeti bununla bağlı məqalə dərc edib.
Məqalədə “Metsamor” atom elektrik stansiyasının 1976-cı ildə tikildiyi və 30 illik müddət üçün istifadəyə yararlı olduğu vurğulanıb.
“Buna baxmayaraq, Ermənistan yeni atom elektrik stansiyası tikmək əvəzinə, bu stansiyanın istifadə müddətini 2026-cı ilə qədər uzadıb. “Metsamor” AES seysmik zonada yerləşir və baş verə biləcək təbii fəlakət faciəyə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri bununla bağlı dəfələrlə narahatlıqlarını bildiriblər”, – deyə qəzet yazır.
Xəbərdə yeni atom elektrik stansiyasının qurulmamasına səbəb kimi maliyyə problemləri qeyd olunub. Yeni AES üçün 5 milyard dollar tələb olunur, lakin Ermənistanın belə bir vəsaiti yoxdur.
“Ermənistan kimi kasıb ölkə üçün bu astronomik məbləğdir. Rusiya layihə xərclərinin yarısını öz üzərinə götürəcəyini bildirsə də, maliyyə böhranı səbəbindən bu fikrindən daşınıb və beləcə köhnə stansiyada yalnız yenidənqurma işlərinin aparılmasına qərar verilib”, – deyə müəllif bildirib.
Məqalədə vurğulanır ki, “Metsamor” AES-də baş verə biləcək qəza qonşu Türkiyə, İran, Cənubi Qafqaz ölkələrində faciələrə yol açacaq: “Bu AES o qədər köhnədir ki, qəza zamanı radiasiyanın qarşısını ala biləcək korpusu da yoxdur”(Azertac).