“Bağ evlərində şir, pələng, timsah, fil saxlayır, meymuna toy edirlər”

0
3

“Bağ evlərində şir, pələng, timsah, fil saxlayır, meymuna toy edirlər”

Azərbaycanda yüksək vəzifə tutan bəzi məmurlar barədə vaxtaşırı sensasiyalı, səs-küy doğuran məlumatlar yayılır. Bu məlumatların yayılmasına həm də onların günü əyləncələrdə keçən övladları səbəb olur. Həddindən artıq varlanmış məmur təbəqəsində bəzilərinin hobbiləri barədə eşitdiklərimiz bizi də əməlli-başlı təəccübləndirir.
Hansısa yollarla böyük kapital toplamış vəzifə sahiblərinin müxtəlif heyvanlara olan marağı və sevgisi də varmış… İş orasındadır ki, söhbət adi ev heyvanlarına olan maraqdan getmir…
Gəzən xəbərlərdə deyilir ki, sahib olduqları malikanələrin bir guşəsində düzəltdikləri “heyvanat aləmi” onlar üçün əyləncənin dadını çıxartmağa əla vasitədir.
Azərbaycan faunasında tapılmayan vəhşi heyvanları bağ evlərində bəsləyən məmurlar kimlərdir?.. Doğrudanmı onlar pələng, şir, delfin, timsah, ayı və başqa vəhşi heyvanlar saxlamağa həvəs göstərirlər?..
Mövzu ilə bağlı Modern.az saytına danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev azərbaycanlı məmurların heyvan sevgisindən söz açıb. Hafiz Haciyev iddia edir ki, saxladığı vəhşi heyvana hətta toy edən məmurlar da var:
“Çox vaxt evində şir, pələng saxlayan məmurlardan danışırlar. Amma elə məmur var ki, evində meymun saxlayır. Bu azmış kimi, həmin meymunu evləndirib də… Hələ saxladıqları heyvanalara verdikləri yeməklərin qiymətini demirəm. Sadə vətəndaşın 3 aylıq əmək haqqıdır.
Bu məmurlar harınlamış insanlardır. Onlar nə ictimai rəydən qorxurlar, nə də iradlardan nəticə çıxarırlar. Bu cür məsələdə media geri çəkilməməlidir. Onların nə meymunları, nə şirləri, nə də pələngləri əziyyət çəkir. Əziyyət çəkən kasıb əhalidir”.
Hafiz Hacıyev deyir ki, bəzi vəzifə sahibləri harınladıqlarından bilmirlər pulu hara xərcləsinlər. O, malikanəsində hətta fil saxlayan məmurların olduğunu iddia edib.
“Azərbaycandakı məmurlar imkanları olsa, əjdaha da alıb saxlayarlar. Bəziləri o dərəcədə harınlayıb ki, bilmirlər pullarını nəyə xərcləsinlər. Elə məmur var ki, bağ evində pələng, şir, hətta fil də saxlayır. Düşünürəm ki, bu insanlar millətin qanını sorub, onu saxladıqları heyvanlara xərcləyirlər. Hər halda millət özü düşünməlidir ki, sərvətimizi bir qrup məmur aparıb filə, şirə yedirir. Mənim kimi bir-iki nəfərin çıxıb nəsə danışması ilə heç nə həll olunmayacaq. Ortaya mövqe qoyulmalıdır. Ölkədə yaranan böhran məmurların cibinə təsir etmir. Onlar öz həyatlarına davam edirlər. Belə bir məsələ var ki, “qozbeli qəbir düzəldər”. Bu cür məmurları da qəbirdən başqa heç nə düzəldə bilməz. Bu tip məmurlar ölkənin taleyini qumara qoyublar”,-deyən H.Hacıyev özbaşınalıqlara son qoymağa çağırıb.

LEAVE A REPLY