Müdafiə Nazirliyi 50 “Naz Lifan” alacaq
Müdafiə Nazirliyi yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir.
Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən “MAZ”, “KamAZ” markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb.
Artıq bir ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan” markalı minik avtomobillərindən də istifadə edilir və onların praktikliyi sübut olunub.
Yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan” maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.