ELDAR MAHMUDOVUN QƏBRİSTANLIQDA “QIZIL ƏMƏLİYYATI”

0
4

ELDAR MAHMUDOVUN QƏBRİSTANLIQDA “QIZIL ƏMƏLİYYATI”

73 ƏDƏD QƏBRİ QIZIL AXTARMAQ ADI İLƏ KİM DAĞIDIB?

Qobustan rayon İlanlı kənd sakini İrşad Hüseynov Azinforum.az-a sensasion məktub ünvanlayıb. O, şikayətində özünü MTN-in Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi təqdim edən şəxsin əməllərindən zərər çəkdiyini bildirir. Məktubda kifayət qədər ciddi məqamlara toxunulduğu üçün, hesab edirik ki, mövzu lazımı qurumların diqqətini cəlb edəcək və bu istiqamətdə müvafiq araşdırmalar aparılacaq. Azinforum.az şikayət məktubunu olduğu kimi təqdim edir.

“Mən, İrşad Hüseynov əslən Qobustan rayonu İlanlı kəndinin sakiniyəm. Lakin Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayıram. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində işləyirəm.
2015-ci ilin sentyabr ayında Qobustan rayonunda yaşayan qohumlarım tərəfindən mənə zəng edilərək bildirildi ki, İlanlı kəndində yerləşən və bizim nəslin nümayəndələrinə, yəni qədim “İlanlı bəyləri”nə məxsus qəbiristanlıqda naməlum şəxslər tərəfindən qazıntı işləri aparılır. İşdən icazə alaraq həmin əraziyə yollandım. Qazıntı aparılan yerə çatdıqda həmin ərazidə bir neçə şəxsin dayanaraq müşahidə apardığının, eyni zamanda ekskavatorun qəbiristanlığı qazdığının şahidi oldum. Ərazidə 10-PL-636, 90-SE-067 və 90-KX-889 dövlət nömrə nişanlı avtomobillər dayanmışdı.
Bu görüntü məndə şok effekti yaratdı. Belə ki orada uyuyan ulu babalarımın qəbir daşları və məzarları yerlə yeksan edilmişdi. Mən yaxınlaşıb nə baş verdiyini öyrənmək istədim. Qarşıma çıxaraq məni itələyən və özünü Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi qələmə verən şəxs nazir Eldar Mahmudovun göstərişi ilə burada qızıl axtardıqlarını və həmin qızılların qəbirlərdə yerləşdiyini bildirdi. Daha sonra məni təhqir edərək ərazidən qovdu. Mən, polisin 102 xidmətinə zəng etsəm də hadisə yerinə gələn polislər MTN-in Qobustan rayon rəisi Əfqan Məmmədovu gördükdə oradan uzaqlaşdılar və məni də ərazidən qovdular.
Növbəti gün hadisə yerinə gedib baxdıqda oradakı 73 ədəd qəbirin yerlə yeksan edildiyini və 73 ədəd baş daşının oğurlandığını gördüm. Hadisə yerinə yığışan İlanlı kəndində yaşayan qohumlarımızla birlikdə həmin gün bununla bağlı MTN-ə və Baş Prokurorluğa şikayət etdik. Bundan sonra daimi olaraq rəis Əfqan Məmmədov tərəfindən mobil telefonuma çoxsaylı zənglər edildi. Ə.Məmmədov hər dəfə zəng etdiyində heç yerə şikayət etməməyimizi, əks təqdirdə həbs ediləcəyimizi bildirirdi.
Nəhayət, o, məni israrla Qobustan rayonunda yerləşən “Nəriman kafesi”nə dəvət etdi. Yanında olan 2 nəfər zahirən idmançıya bənzəyən şəxslərin öz mühafizəçiləri olduqlarını söylədi. Həmin şəxslərdən biri olan Zamiq adlı şəxs üzərindəki qızıl axtaran cihazı mənə göstərərək işlərinə yaradığını, qəbirlərdən bir neçə kiloqram qızıl tapdıqlarını və “əritdiklərini” kobud formada üzümə söylədi. Rəis Əfqan Məmmədov isə söhbət zamanı məni hədələyərək üstündəki silahı mənə göstərdi və bir daha şikayət edəcəyim təqdirdə məni öldürəcəyini bildirdi.
Baş verənlərdən çox qorxmuşdum. Bir tərəfdə vəfat etmiş qohumlarıma məxsus 73 ədəd qəbirin dağıdılaraq baş daşlarının oğurlanması, digər tərəfdə isə həyatımın təhlükə altında olması şərəf və ləyaqətimə toxunurdu. Hazırda həmin qəbiristanlıqdakı (Bakı-Şamaxı yolunun İlanlı kəndindən keçən hissəsində) 73 ədəd qəbirdən əsər-əlamət yoxdur. Həmin ərazi ekskavator vasitəsilə tamamilə qazılaraq yox edilib və düzənlik kimi görünür.
Mən, yeni təyin edilmiş Milli Təhlükəsizlik Naziri cənab Mədət Quliyevdən və Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm ki, pozulmuş hüquqlarımız bərpa edilsin və cinayətkar barəsində müvafiq tədbir görülsün…”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

LEAVE A REPLY