Parlament seçkiləri nələr vəd edir?
Seçkilərə necə hazırlaşırıq?
Milli Məclisə seçkilər yaxınlaşdıqca partiyaların seçki siyahıları barədə müzakirəsi ölkə gündəminin əsas mövzusuna çevrilib. Həm müxalifət, həm də iqtidar partiyaları seçkidə iştirak edəcək namizədlərin müzakirəsi zamanı müxtəlif problemlərlə qarşılaşırlar. Artıq bir çox partiya millət vəkilliyinə namizəd olacaq üzvlərinin siyahısını açıqlaya bilib.
Bu sırada Böyük Quruluş Partiyası (BQP) xüsusi ilə qeyd etmək olar. Belə ki, BQP artıq seçkidə iştirak edəcək namizədlərinin siyahısını açıqlamaqla birgə, həm də onların hansı seçki dairəsində mübarizə aparacaqlarına da aydınlıq gətirib. Bir çox müxalifət partiyalarında isə durum tam fərqlidir. AXCP hələkik seçkidə iştirak edib-etməyəcəyini qərarlaşdırmasa da, üzvlərinin bir çoxu müstəqil olaraq seçkidə iştirak edəcəklərini gizlətmir. Müsavat partiyasında seçki öncəsi durum hədsiz gərginləşib. Partiyada namizədlərin siyahı məsələsi bəzi funksionerlərin narazılığına səbəb olub.
“Azadlıq-2015” seçki bloku da hələlik aktiv görünmür. Həmin bloka KXCP, AXP, Aydınlar, Azadlıq, ALDP,VİP və Böyük Azərbaycan partiyaları daxildir.
“Azadlıq-2015” seçki blokuna daxil olan partiyalardan hələlik yalnız AXP sədri Pənah Hüseynin Nəsimi rayonu ərazisindəki seçki dairələrindən birində mübarizə aparacağı bəlli olub.
“Qarabağ” seçki blokuna daxil olan partiyaların-ADP və Ümid partiyasının seçkilərə hansı formada qatılacaqları hələlik tam müəyyənləşməyib. Belə ki, Ümid partiyasının “125”-lər adlanan qrupla seçkiyə gedəcəyi barədə məlumatlar yayılmaqdadır.
YAP-ın seçki siyahısının hazır olması ehtimal olunsa da, çox güman ki, iqtidar partiyası seçki prosesinə az qalmış namizədlərin adlarını açıqlayacaq.
Sızan informasiyalara görə YAP daha çox gənclərə üstünlük verəcək. İqtidan partiyası həm də namizədlərindən seçki təbliğatı zamanında xüsusi aktivlik gözləyir. Gözlənildiyi kimi YAP müxalifət partiyalarından daha fəaldır və bu il keçiriləcək parament seçkilərində bütün dairələr üzrə namizəd irəli sürməyi planlaşdırıb. İqtidar partiyası demək olar ki, rayon və şəhər seçki qərargahlarını yaradıb və texniki təchizat işini yekunlaşdıra bilib. YAP-ın seçki ilə bağlı treninqlər də keçirməsi gözləniləndir.
BAXCP-dən verilən məlumata görə, İdarə Heyətinin yığıncağında parlament seçkilərində kimlərin iştirak edəcəyi artıq müəyyənləşib. Partiya əksər seçki dairələrindən namizəd irəli sürməyə hazırlaşır. BAXCP-nin namizədləri uzun illər siyasi proseslərin içində olan və kifayət qədər cəmiyyətdə tanınmış şəxslər olacaq.
Müşahidələrimiz isə onu göstərir ki, seçkilərə 3 aydan az müddət qalsa da, siyasi partiyaların seçki fəallığı qeyd etdiklərindən xeyli azdır.
Nicat Sadiq