XXI əsrdə bitməyən problemlərimiz.
Biz neçənci əsrdə yaşayırıq? Əlinizi ağzınıza qoyub aaa…deməyin, mənim də təqvimdən xəbərim var. Amma gündəlik həyat tərzimizə, dünya nemətlərindən, texnologiyanın imkanlarından yararlanma imkanlarımıza baxıram və düşünürəm ki, yox, biz XXI əsrdə zadda yaşamırıq. O əsrdə avropalılar yaşayır, bizimsə onların yaşadıqları səviyyəyə çatmağımıza nəinki illər, hətta on illər var…Niyə deyəcəksiniz, indi niyəsini mən deyim, siz qulaq asın, haqq verməsəniz bundan sonra biz XXX əsrdə yaşayırıq deyəcəyəm.
Birincisi və ən önəmlisi sosial problemlərin həlli məsələsidir ki, bu da insan oğlunun gündəlik həyat tərzini müəyyənləşdirən ən ümdə səbəblərdən biridir. Belə ki, hələ yetmişinci illərdən etibarən Avropada, Amerikada isə daha da öncədən insanların minimum ehtiyaclarını təmin edən bütün sosial infrastruktur hazırlanıb, problemlər həll olunub. Belə ki, hətta And dağlarının ucqarlarında yaşayan kənd əhalisinin belə su, kanalizasiya, elektrik və qaz kimi problemlərin, bu xidmət sahələrnin hansındasa kəsintilərin olmasından xəbərləri belə yoxdur. Yetmişinci illərdən sonra bu ərazilərdə doğulan insanlar kommunal xidmətlərdən hansınınsa olmadığı yaşayış yerlərini ya kinofilimlərdə, ya da sənədli filmlərdə görürlər. Hələ həm wifi və kabel vasitəsi ilə eyni anda xidmət göstərən interneti demirəm. Əgər bir internet təminatçısına abunəsinizsə, o zaman o şirkətin təmin etdiyi internetdən sadəcə evinizdə deyil, həm də ölkə daxilində getdiyiniz istənilən nöqtədən qoşularaq istifadə edə bilərsiniz…
Və ya məsələnin digər- çoxumuz tərəfindən bilinməyən və bilinməsini də heç arzu etmədiyim tərəfi, yəni həbsxanalar. Məsələn, bu gün Norveçdəki həbsxanalar məhkumlara göstərilən xidmət səviyyəsinə görə heç də beş ulduzlu otellərdən geri qalmır. Bəli, təəccüblənməyin və düşünün ki, hansısa beşulduzlu oteldəsiniz və sadəcə bir neçə il bu oteldən çıxmanız yasaqdır. Amma ürəyiniz istədiyi vaxt və istədiyi qədər internetdən istifadə edə, otelin həyətində gəzə, idman zalından və digər xidmətlərdən yararlana bilərsiniz, sadəcə məhkumluq müddəti bitənə qədər o oteldən kənara çıxa bilməzsiniz.
Bəs bizdə necədir? Kəndlərimizin mində biri içməli su ilə təmin edilibmi? Hələ mən “fasiləsiz” qaz və elektrikdən danışmıram, kanalizasiya sistemininsə adını belə çəkməyə ehtiyac yoxdur. Bu mövzularda yazdığım digər yazılar kimi yenə də başqa yerdən deyil, məhz öz yaşadığım qəsəbədən, Bakının ən yaxın yaşayış məntəqələrindən biri olan Masazır qəsəbəsindən misal çəkəcəm. Bizim buralarda yayda o ay, qışda isə o həftə olmaz ki, elektrik verilişində fasilələr olmasın. Qəza xidmətinə zəng vurub telefona çıxan bir Allah bəndəsi tapa bilsək aldığımız cavab hər zaman standartdır, ona görə də artıq elektriklər kəsilsə də, zəng vurmuruq; xətt açılıb, təmir edirlər, və ya filan tərəfdə yüklənmədən transformator partlayıb…
Axı bunlara bir deyən yoxdu ki, ay canım, sizin qadanızı alım, bu boyda enerji şirkətində bir planlama, əhalinin sıxlaşma sürətinin nəzərə alınması və sair yoxdumu ki, iki gündə bir transformatorları yüklənmədən partladırsınız? Ay qardaş, bilmirəm bu transformator nə matah şeydir axı? Məsələn, Masazırda otuz ədəd transformator yoxdurmu? On ədədini də əlavədən qoy olsun qırx ədəd, ondan sonra görüm bir daha yüklənmədən partlayış olur ya olmur? Əgər belə etsələr xəttlər də açılmaz, biz binəva sakinlər də elektrik işığında adam kimi əyləşib televizorumuzu seyr edər, və ya digər işlərimizlə məşğul olarıq.
İkinci məsələ qaz məsələsidir. Sağ olsun hökumətimiz, nəhayət uzun illər ordan- burdan, necə gəldi çəkdiyimiz qaz xətlərindən istifadə etdikdən sonra bir neçə il bundan öncə ərazidə qazlaşdırma aparıldı. Amma yene də bizim dərdlərimiz həll olundu sanmayın, çünki ən azı ayda bir dəfə səhər saat doqquzda qazı kəsirlər, axşam saat yeddidə isə verirlər. Səbəbini soruşanda da deyirlər ki, “astanovka” edirik, mən də bisavad adamam bəlkə siz biləsiniz, ay qardaş, bu qaz bəyəm avtobusdur ki, bunun da “astanovka”sı olsun?
İndi, gəlin, keçək su və kanalizasiya məsələsinə. Burda məhəllə sakinləri öz aramızda pul yığaraq kanalizasiya çəkdik, yəni sadəcə biz beş-on nəfər deyil, Masazırın tamamına yaxınının kanalizasiya sistemi belə çəkilib. Yarı asbest, yarı plastik borularla, indi necə keyfiyyətli kanalizasiya sistemimizin olduğunu siz özünüz təsəvvür edin. Suyumuzu da bir iş adamı çəkib və satdığı xətlər sayəsində qoyduğu məsrəfi ən az iki qat çıxarıb. Onunla işim yoxdur, Allah köməyi olsun, bəs bizi su və kanalizasiya ilə təmin etməli olan dövlətimiz harada? Üstəlik su puluna etirazım yoxdur, amma dövlətin ana xəttinə kanalizasiyamızı birləşdirmişik, deyin istifadə etdiyimiz suyun pulunu ödədikdə kanalizasiya pulu da alırlar utanmadan… Daha adam deyə bilmir ki, ay qardaşım, sən mənim həyətimi demirəm, küçəmə kanalizasiya xətti çəkmisən ki, bu xidmətə görə məndən pul alırsan?
İndi isə bir az da internetdən danışaq. Bu Masazırda internet deyiləndə adamın tüstüsü təpəsindən çıxır, çünki hansı səbəbdəndir bilmirəm, amma gündə ən az on dəfə internet qırılmasa dincəlməz. Əvvəlcə başqa bir şirkətə abunə idim, indi adını çəkməyəcəm ki, antireklam olmasın, o qədər bezdim, yoruldum, təngə gəldim ki, axırda internet şöbəsinə müraciət edərək xidmət göstərən şirkəti dəyişməkdən başqa çarəm qalmadı. Dost-tanışla çox məsləhətləşdikdən sonra indi abunəsi olduğum şirkəti seçməyi qərara aldım, amma nə xeyri? Köhnə hamam, köhnə tas…
Və nəhayət yollar. Bizim küçəmizdə Amerikadan gələn bir neçə nəfər kirayənişin qalırdı. Kirayənişin deyəndə ki,onlar yaşayırdı, ancaq ev sahibinə kirayə pulunu dövlət ödəyirdi. O amerikanlarla bir neçə dəfə küçədə rastlaşmışam, ayaqlarındakı rezin çəkmələri gördükdə bizim yollara cavabdeh dövlət böyüklərimizin də burada olub o zığın-palçığın içində irəliləməyə çalışan amerikanları görməsini arzulamamışam desəm yalan olar. Deyirəm, bizi adam yerinə qoyub yollarımıza baxan yoxdu, bəlkə o xaricilərin hesabına asfalt görərdik. Hələ yüz il bundan öncə rəhmətlik Sabir deyirdi: “Əcnəbi göydə balonlarla gəzir.
Biz hələ avtomobil minməyiriz….”
Deyirəm, ay Mirzə, Allah sənə rəhmət eləsin, sənin dövründən bu yana heç nə dəyişməyib ki, dəyişməyib…
Hələ 1933-cü ildə bəyənmədiyimiz Adolf Hitler hər alman ailəsinə bir avtomobil kompaniyası başlatdı və bu kompaniya sayəsində on minlərlə alman avtomobil sahibi oldu. Elə “Wolsvagen” firması da aztəminatlı ailələrin ucuz avtomobil ala bilməsi üçün yaradılmışdı. Bizim indi belə banklarda olan avtomobilləri çıxarsaq hər beş ailədən birinə avtomobil düşər, ya da düşməz…
Nəhayət gəldik ən sona, təhsil məsələsinə… Müasir zamanda sadəcə millətlər arasında deyil, elə fərdlər arasındakı fərqlənmə də o fərdin aldığı təhsilin səviyyəsinə görə götürülür. Bəs, biz bağçadan tutmuş universitetlərədək hansı təhsil müəssisəmizi Avropa ölkələrindən biri ilə müqayisə edə bilərik? Əgər Azərbaycanda elə bir məktəb varsa, buyurun deyin, mən də o məktəblə iftixar edim.
Bütün bu misallardan sonra hələ də kimsə XXI əsrdə yaşadığımızı iddia edə bilərmi? Hələ mən respublikamızda çiçəklənən korrupsiyadan, məmur özbaşınalıqlarından və sair naqisliklərdən danşaraq əziz oxucularımızı yormaq istəmədim, çünki bunlar demək olar ki, hər kəs tərəfindən bilinən şeylərdir.
Bəli, biz sadəcə üçüncü dünya ölkəsi olmaqdan irəli gedə bilməmişik və nə qədər ki, bu zehniyyətlə davam edəcəyik, güman ki, elə yerimizdə də sayacağıq.
Nizami