Yardım turnirinin gəlirləri hara gedir?

0
6

Yardım turnirinin gəlirləri hara gedir?

Keçən il Türkiyənin Manisa vilayətinin Soma kömür mədənlərində baş verən cinayət kimi qəza nəticəsində ən az 301 nəfər mədən işçisi ölmüş, yüzlərcə qadın dul, bunlardan daha çox uşaq yetim və ailə başsız qalmışdı. Mədən faciəsinin ardından AKP hökuməti hələ hər şey isti ikən nazirlər səviyyəsində bölgəyə səfərlər etmiş, suçluların cəzalandırılacağı barədə bəyanatlar verərək, zərər çəkən insanların ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstəriləcəyinə dair söz vermişdilər. Amma hələ Somadan bir neçə il əvvəl Zonquldağda baş verən və onlarca mədənçinin ölümü ilə nəticələnən qəzadan sonra AKP-nin nazirlərindən biri bir televiziya proqramında çıxış edərkən mədəndə həyatını itirən işçilərdən bəhs edərək “güzəl öldülər” demiş və Türkiyə ictimaiyyətinin təpkisini çəkmişdi.
İndi də Somaya AKP hər nə qədər diqqət və qayğı göstərirmiş kimi görünsə də, əslində zehniyyətdə dəyişikliyin olmadığını bilənlər burada mədən şirkətinin diqqətsizlyi ucbatından canından olan yüzlərcə kasıb balasının qanının yerdə qalacağını bilirdilər. Necə ki, elə də oldu. Əvvəlcə mədən şirkətinin qəzada hər hansı qüsurunun olub olmadığını araşdıran yerli prokuror vəzifəsindən uzaqlasdırılaraq başqa bir vilayətə təyin olundu, çünki onun qəza ilə bağlı obyektiv araşdırmalar apardığı diqqətdən yayınmamışdı. Daha sonra isə Soma mədənlərinin şirkətin idarə heyətində təmsil olunan şəxslərin yaxın qohumluq əlaqəsi olan insanların təmsil etdikləri audit şirkəti tərəfindən illik yoxlamadan keçirildiyi ortaya çıxdı ki , mədənçilik qanunlarına görə bu yolverilməz haldır. Ayrıca qəzadan təsadüfən sağ qurtulan mədənçilərin verdikləri ifadələrə görə yoxlama aparan şirkətin nümayəndələri mədənlərə girərək iş şəraitini, giriş-çıxış dəhlizlərini, sığınacaqları və ventilyasiya sistemini, habelə oksigen maskalarının yararlı olub-olmadığını da yoxlamadan bütün bu adı çəkilənlərin uyğun vəziyyətdə olduğu barədə raportunda qeydlər edib. Halbuki, havasızlıqda qalan bir işçinin ən az beş dəqiqə nəfəs almasını təmin etməli olan oksigen maskalarının tamamına yaxını istifadəyə yararsız imiş. Elə buna görə də bu qəzadan bəhs edərkən cinayət kimi qəza deyə bəhs edirik.

Qəzanın üstündən bir müddət keçdikdən sonra zərərçəkənlərin ailələri vəkil tutaraq məhkəməyə müraciət etdilər və vəfat edən qohumları üçün təzminat tələb etdilər. Amma ədalət sisteminin zəifləyərək hətta yoxa çıxdığı, artıq gücün ədalətinin hökm sürdüyü Türkiyədə zərərçəkənlərin təzminat tələbləri şirkət tərəfindən rədd edildi. Rədd şərtləri isə olduqca gülünc idi; bu qədər təzminat ödərsək şirkətimiz iflas edər… İnsanların taleyi ilə oynarkən sadəcə gəlirlərini düşünən hökumətə yaxın sərmayə sahibləri artıq insanlar həlak olduqları zaman onların ailələrini düşünmək istəmirdilər. Axı, niyə də istəsinlər ki? Soma və ya hansısa iqtidara yaxın mədən şirkəti seçki qabağı kompaniyalarda yoxsullara səslərinin qarşılığında rüşvət deyə paylaması üçün Ərdoğanın partiyasına yüz minlərcə ton kömürü əbəs yerə paylamır ki… Ərdoğanın israf etdiyi kömürə görə zərər qoymaq istəməyən şirkətlər təbii olaraq işçi təhlükəsizliyi üçün lazım olduğundan qatbaqat az pul xərcləyir və sabah birigün bir şey olacağı təqdirdə Ərdoğanın arxalarında duracağını da bilir. Necə ki, elə də oldu. Əgər bütün təhlükəsizlik qaydalarına əməl edilsə və mədənçilər də iş təhlükəsizliyi barədə maarifləndirilsələr bu faciələr olmazdı. Hər şeyin qayda qanunlar çərçivəsində görüldüyü ölkələrdə, məsələn, elə dünya kömür rezervlərinə görə birinci yeri tutan Almaniyadakı mədən qəzalarında son otuz ildə sadəcə üç nəfərin öldüyünü nəzərə alarsaq, yerin yüzlərcə metr dərinliklərində çalışan bu insanların təhlükəsizliklərini təmin etməyin normal, insana dəyər verilən ölkələrdə heç də çətin olmadığını görərik.
Qəzadan dərhal sonra vətənpərvər və ürəyinin dərinliklərində insan adlı məxluqata sevgi qalmış olan insanlar Soma zərərçəkənlərinin xeyrinə müxtəlif yardım kompaniyalarına başladılar. Bəzi qeyri-hökumət quruluşları ilə bərabər idman kulubları da bu faciədə zərər çəkən insanların yaralarına məlhəm olmaq üçün humanitar aksiyalar təşkil etməkdə idilər. Amma təəssüf ki, yeni ortaya çıxan faktlara görə bu aksiyalar zamanı toplanan vəsaitlərin heç də hamısı ünvanına çatmayıb. Məsələn, İstanbulun adı çeşidli qalmaqallar, çirkli pulların yuyulması və oyun satın almalarla hallanan Fənərbağca futbol klubunun da təşkil etdiyi və Beşiktaşla-Çelsi klublarının iştirakı ilə keçirilən yardım turnirinin nəticəsində toplanan vəsait də nəinki ünvanına çatmayıb, hətta buxarlanaraq yoxa çıxıb. Bu klubun və prezidentinin adının müxtəlif çirkli işlərdə hallanması və haqqında verilən məhkəmə qərarından əfv oluna bilməsi üçün Ərdoğana minnətçilər salması diqqətləri o yönə çəkməkdədir. Çünki, istər-istəməz bu minnətçiləri araya qoyarkən təbii olaraq ciddi miqdarda pul xərcləməsi qaçınılmazdır. İndi bu araçıların kimlər olduğu və haralarda görüşüldüyünün təfərrüatlarına girərək mövzudan uzaqlaşmaq istəmirik. Sadəcə bilinməsi lazım olan fakt ortadadır, yəni yardım məqsədli turnir keçirilib və hasilat yoxa çıxıb. Bu turniri keçirmək əslində quzunu qurda əmanət etmək demək idi. Təəssüf ki, quzu qurda əmanət edildi və indi o quzunun harda olduğunu bilən kimsə yoxdur. Bəli, təəssüf ki, bu gün Türkiyədə insanların dərdlərindən belə öz maraqları üçün istifadə edə biləcək qədər alçalan cəmiyyət və insanlar vardır. Bəli, yuxarıda da qeyd etdiyimiz kimi bu cəmiyyətlərin öndəgedəni də məhz bir idman cəmiyyəti, Fənərbağça futbol kulubudur. İnsanları birləşdirmək üçün beynəlxalq arenada istifadə olunan futbolun birləşdirici dəyərlərindən əxlaqsızca istəklərini həyata keçirmək üçün istifadə etməkdədir. Bəli, həm artıq kimsəsiz qalmış insanlara yardım edirmiş kimi görünəcək və bu məqsədinizə heç nədən xəbərsiz digər klubları da alət edəcəksiniz, həm də topladığınız vəsaitləri kim bilir hansı qeyri insani maraqlarınızın təmini üçün istifadə edəcəksiniz. Bu əsil ikiüzlülükdür ki, Fənərbağça klubunun prezidentində də bu üzlərdən istənilən qədər var.
Dünən mədəndə həlak olan insanların ailələri gözüyaşlı bir kömək edəcək əl gözlərkən, onlar ümid verərək toplanan yardımları ciblərinə atmaqdan utanmayacaq qədər mənəviyyatsızlaşa bilirlər. Ərdoğanın da dediyi kimi; Türkiyə nərədən nərəyə gəldi…
Doğurdan da, son on iki illik AKP hökuməti dönəmində sadəcə ölkənin ədalət sistemi ilə oynanmadı, həm də insanları sistemli şəkildə mənəviyyatsızlaşdıra bilmək üçün əllərindən gələni etdilər. Bu da yeni Türkiyənin yeni siması… Buyurun, haqqın, ədalətin, mənəvi dəyərlərin cənazə namazına…

Nizami

LEAVE A REPLY