Milli dəyərimiz- Bayrağımız!

0
7

Qüdrət Əzizov

Milli dəyərimiz- Bayrağımız!

Azərbaycan Demokratik Respublikanın (ADR) banisi Məhəmməd Əmin Rəsulzadənin qürur doğuracaq sözləri hələ də bu millətin zehnindədir. Bunu 70 illik Sovet dönəmi də yaddaşlardan silə bilmədi. Hər dəfə bu sözü eşitdikdə, sanki insanların daxilində bir şövqlənmə yaradır. Bu sözü eşidib qəbul edən hər bir kəs düşünürdü ki, həm mənəvi baxımdan, həm də fiziki olaraq xalqımız daha heç kimin əsarətində olmayacaq, daha işğala məruz qalmayacaq. Bu cümlə xalqın bütövlüyünün rəmzi və kamilliyinə imkan yaradan bir vasitədir. Bu kəlmə – Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlməsidir.
9 noyabr Azərbaycan Üçrəngli Bayrağının yaranması günüdür. 1918-ci ilin noyabrın 9-da qaldırılmış bayraq bu gün müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət bayrağıdır. TÜRKÇÜLÜK, AZADLIQ və İSLAM istiqamətində qurulan bayrağımızın rənglərinin müəllifi Əli bəy Hüseynzadədir.
Bayrağımız xalqın azadlıq və istiqlal ideyalarının, milli varlığının təcəssümü, ərazilərimizin bölünməzliyinin simvoludur.
Dövlətimizin simvolu demokratik cəmiyyətdə ilk dəfə olaraq Xalq Cümhuriyyəti dövründə qəbul olunmuşdur. Gəncədə Müvəqqəti hökumət zamanı- 21 iyun 1918-ci ildə ağ rəngli aypara və səkkizgüşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Demokratik Respublikasının bayrağı kimi qəbul olundu.
Bakımız düşmən tapdağından azad olunduqdan sonra yaranmış çətin vəziyyətlə əlaqədar olaraq ( Türkiyənin I Dünya müharibəsində məğlubiyyəti və Azərbaycanı tərk etməsi) yeni bayrağın təsdiq edilməsi zərurətini yaratdı. 9 noyabr 1918-ci ildə Azərbaycan höküməti yeni üçrəngli-mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan Milli bayrağımızı təsdiq etdi.
28 aprel 1920-ci ildə sovet rejiminin qurulması ilə bayrağımız həbsə alındı. Müxtəlif dövrlərdə kommunistlər yeni bayraq qəbul etdilər Azərbaycana. Sonra müxtəlif illərdə yenə bayrağımız dəyişdirildi, lakin 1952-1991-ci illərdə SSRİ Azərbaycanı başqa bayrağa məhbus etdi.

70 illik ədalətsizlikdən sonra , yəni 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin Azərbaycan SSR-nin adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında qərar qəbul etdi. Bununla üç rəngli bayrağımız yenidən tariximizin əsas səhnəsinə qayıtdı.
Bayraq bir dövlətin, hər bir vətəndaşın milli dəyəridir. Bayrağa qarşı heç kim hörmətsizlik etməz, yəni normal düşüncəsi, Vətənə sevgisi olan hər bir şəxs bayrağı qoruyar, ona hec kimin hörmətsizlik etməsinə imkan verməz. Çünki bizim hər birimizə uşaqlıqdan aşılanıb bu və biz həyatı dərk etdikcə, Vətənə sevgi artdıqca bunu özümüz başa düşmüşük. Milli dəyərimizə sahib cıxmaq hər birimizin borcudur. Axı, bu dövlət biz var olduğumuz ücün mövcuddur, bayraq isə bu dövlət var olduğu üçün. Bizlər var olduqca bayrağımız da daim var olacaq. Bayrağımızın həmişə yüksəklərdə dalğalanması diləyilə, Bayraq Gününüz mübarək, əziz millətim!

LEAVE A REPLY