Kitab əhli yoxsa, qutab əhliyik?!

0
3

Qudrət Əzizov

Kitab əhli yoxsa, qutab əhliyik?!

Hər bir sirrin açarı elmdədir. Əgər hər hansısa bir ilkə imza atmaq istəyiriksə, çoxlu mütaliə etmək, elm, savad öyrənməkdən keçir bunun yolu. Daim nələrisə öyrənmək üçün can atmalıyıq və öyrəndiklərimizi də dostlarımıza, çevrəmizə deməliyik, yalnız özümüz öyrənməklə yetinməməliyik.
Yeni kəşflər edən bir çox alimlər məhz Qurani-Kərimi oxuduqdan sonra ediblər, desək yanılmarıq. Çünki 1400 il əvvəl Qurani-Kərimdə yazılanlar bugünkü reallıqdıkı kəşflərin edilməsinə yol acıb. Bunlar danılmaz faktlardır.
İnsanlar bütünlüklə təmizlənməlidir. Kitablar vasitəsi ilə. Bizim xalqa qutab əvəzinə kitab “yedirt”mək lazımdır. Hamıya, ucdantutma. Nağıllarda deyildiyi kimi, “məmə yeyəndən, pəpə yeyənə” qədər. Duzun, çörəyin, yağın ev üçün nə qədər zəruri olduğunu başa düşdüyümüz kimi, bilməliyik ki, kitab da bu dərəcədə ev üçün, ailə üçün zəruridir. Çörək aldığımızı unutmuruq. Eləcə də kitab almağı unutmamalıyıq.
Hər bir kəs faydalı bir işlə məşğul olmalıdır. Öz əsas işindən əlavə faydalı bir işlə məşğul olsa, dünya dağılmaz. Əksinə, öz işindən həzz alar. Ailədə danışırlar ki, Sovet dövründə kitab hədiyyə etmək ənənəsi vardı. Bu ənənəni bərpa etmək lazımdır. Bizim camaat bir az şahsevəndir. Maaş verənin, xalq dilində desəm, çörəkverənin sözünə həssas yanaşır. Əgər işçilər bilsələr ki, kitab oxumaq müdirin xoşuna gəlir, oxuyanlar tapılacaq. Qoy bayramlarda, ad günlərində rəhbər adamlar öz işçilərinə həm də kitab hədiyyə etsinlər. Mütləq oxuyacaqlar.

Hərə özünə bir maraqlı, faydalı iş, faydalı məşğuliyyət tapsa, boş və mənasız söhbətlərdən də təbii ki, uzaqlaşacaqlar. Adamlar saatlarla çayxanalarda, maşın “kapotu”nun üstündə domino oynayırlar. Qızıldan qiymətli vaxtımızı boşuna sərf etməyək. Daim nə isə öyrənməyə, öyrətməyə çalışaq. Hər bir insan ətrafındakıların zövqünün formalaşmasına təsir edə bilər. Xüsusən, müəllimlər və həkimlər, zabitlər və idarə rəhbərləri. Din xadimləri də bu mənada çox böyük bir iş görə bilərlər. Onlar öz ətrafındakı insanları elmə, kitaba doğru aparmalıdırlar. Çox vaxt yolun müqəddəsliyini yolçuların davranışı və əməlləri sübuta yetirir. Davamçı yolu gözdən sala da bilər, öz əməlləri ilə öz yolunun doğruluğunu göstərə də bilər. Sözlə əməl birləşdikdə şəksiz olaraq insanlarda hörmət hissi oyadır. Məhz buna görə tam qətiyyətlə demək olar ki, elmə və mədəniyyətə dəstək verən, paylaşmağı öyrədən, insanları pozitivə kökləyən din xadimi tarixi bir missiyanı yerinə yetirmiş olacaq.
Şərq ölkələri demək olar ki, Avropaya nisbətən bu yöndə təmbəldirlər. Lakin tarixə nəzər salsaq görərik ki, Mustafa Kamal Atatürk dağılmaqda olan bir ölkəni Avropa savadına, elminə əsaslanaraq yenidən yüksəltdi. M.K.Atatürk əsrlərlə bir adət ənənəylə idarə olunan, yaşayan toplumun istiqamətini Avropaya çevirdi. Kişilər arasında oxuma-yazma səviyyəsi 7%, qadınlar arasında isə 0.2 % olan Osmanlı qalığı ölkədə bir-birinin ardınca mədəni inqilablar həyata keçirməyə başanıldı. Daha sonra isə bu rəqəm 19,2% yüksəldi aparılan islahatlardan sonra. Mücərrəd əlifba olan ərəb əlifbası yerinə Qərb dəyərləri ilə daha rahat ünsiyyət yaradacaq latın əlifbası seçildi.
Bundan əlavə hər birimiz marifləndirmə işləri aparmalıyıq bu yöndə. Sevindirici haldır ki, bu yaxınlarda bir qrup gənc kitab oxuyaraq metroda bir neçə dayanacaq gedərək digər gənclərin və orta nəslin fikrini cəmləşdirmək istəyiblər bu yönə. Bu cür marifləndirməni tez-tez etmək lazımdır. Bu bizim nəslə sadəcə gələcəkdə ugur qazanmaq üçün geniş bir yol acmaqda kömək edəcəkdir. Kitab alıb oxumağa, nələrisə öyrənməyə loru dildə desək ərinməyək, təmbəllik etməyək. Unutmayaq ki, işıqlı gələcəyə aparan yollar yalnız oxuyub, oyrənməkdən keçir…

LEAVE A REPLY